Sosial təminatdan kənarda qalan işçilər


Baxıldı : 71

Tarix : 2018-05-26 01:54:14


Hazırda əmək bazarında özünüməşğul əhalinin, habelə iş vaxtı rejimi baxımından daha çevik əmək münasibətlərinə imkan verən sərbəst (frilans) işçilərin sayı artmaqdadır. Nə qədər qəribə olsa da, işçi kimi rəsmi qeydiyyatda olmamağın gələcək sosial təminat hüquqlarının tanınmasına maneə yaradacağını  bu işçilər özləri də başa düşür. Əmək müqavilələrinin imzalanmaması həm işçilərin gələcəkdə təqaüd almamasına, həm də iş vaxtı baş verə biləcək təhlükələrdən sığortalanmamasına gətirib çıxarır. Bəs nə üçün bu işçilərin sayında gündən -günə artım müşahidə olunur? Belə halların davamlı olmaması, işləyən əhalinin əmək müqaviləsiz çalışmaması üçün hansı istiqamətdə tədbirlər həyata keçirilməlidir?

Mövzuya münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı-alim Vüqar Bayramov frilans fəaliyyətin dünya təcrübəsində geniş yayıldığını və orada heç də qeydiyyatsız anlamına gəlmədiyini vurğuladı: “Frilans fəaliyyət işçinin bir yerdə işləməməsi, fərqli qurumlara və ya şirkətlərə öz xidmətini təklif etməsindən ibarətdir. Lakin Avropanın bir çox ölkələrində özünüməşğul, sərbəst fəaliyyətlə məşğul olanların hüquqları xidməti müqavilə əsasında tənzimlənir və onlar vergiyə cəlb olunur. Xidməti müqavilənin prinsiplərinə və şərtlərinə uyğun olaraq vergi və sosial ödəmə həyata keçirilir.

Azərbaycanda isə bu sahədə vəziyyət fərqlidir. Burada sərbəst işlə məşğul olanların nə müqaviləsi var, nə də vergi ödəyirlər. Əgər xarici təşkilatlar və ya dövlət qurumları ilə əməkdaşlıq etsələr, ancaq bu halda onların fəaliyyəti rəsmiləşməli olur və müqavilə bağlayırlar. Düşünürəm ki, Azərbaycanda da frilans fəaliyyətlə məşğul olan vətəndaşlarımız üçün ən azı xidməti müqavilənin bağlanmasına ehtiyac var. Bu sahə rəsmiləşdirilməli və nəzarət gücləndirilməlidir ki, həmin şəxslər gələcəkdə sosial təminatdan kənarda qalmasınlar”.

Vətəndaşların Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə mövzu ilə bağlı dedi ki, qanuna “sahibkar olmayan fiziki şəxs”  anlayışı gətirilməli, həmin şəxslə əmək müqaviləsi bağlamaq üçün asan prosedur təyin olunmalıdır. Hətta biz dəfələrlə bu sahədə Vergi Məcəlləsinin daha da sadələşdirilməsini, vergiqoyulmanın patent sisteminin tətbiq olunmasını təklif etmişik. Özünüməşğul digər insanlara, məsələn, repititorluqla məşğul olan müəllimlərə, kompüter vasitəsilə sərbəst iş qəbul edənlərə, küçədə ayaqqabı silən şəxslərə, küçə ticarəti ilə məşğul olanlara vergiqoymanın patent sistemi müəyyən oluna, VÖEN aça və sahibkar kimi qeydiyyatdan keçə bilər. Belə olduqda qazancının cüzi hissəsini vergi verəcək və özfəaliyyət göstərən insanın rüblük,  illik hesabatlar verməsinə ehtiyac olmayacaq. “ASAN xidmət”ə müəyyən məbləğ  ödəməklə 6 aylıq patent ala biləcək. Çünki o, patentliyin əsasında leqal fəaliyyət göstərər. Düzdür, dövlətə ödənilən vergi az məbləğdə olsa da, bu insanlar “kölə iqtisadiyyatı”ndan leqal iqtisadiyyata  keçəcək və onlarda vergi mədəniyyəti yaranacaq.

Sahib müəllimin fikrincə, tənzimlənməyən digər bir məsələ əmək bazarıdır: “Ona xalq arasında qul bazarı da deyirlər. Burda vətəndaş  əməyini könüllü bazara çıxarır  və satır. Bunu leqallaşdıran bir sistemin tətbiqinə ehtiyac var.  Məşğulluq mərkəzləri  bunu tənzimləyə bilər. Yerlər ayrıla, vergiqoymanın patent sistemi tətbiq oluna bilər. İnsan illik və ya hissə-hissə  kiçik məbləğ, məsələn, 50 manat ödəyir, bununla özünü də sığortalamış olur.

Əsli ƏHMƏDOVA