Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası


Baxıldı : 129

Tarix : 2017-06-02 22:35:14


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub.

İclas Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 saylı Konvensiyasının icrası sahəsində ölkəmizdə görülən işlərlə bağlı BƏT-in Standartların Tətbiqi üzrə Komitəsinin qəbul etdiyi "Müşahidə və birbaşa sorğu" sənədinin müzakirəsinə həsr olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov iclasda çıxış edərək deyib: "Ölkə qanunvericiliyi  əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. Bununla yanaşı, qeyd olunan amillərdən asılı olmayaraq, bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanlar verilir".

Nazirin diqqətə çatdırıb ki, Azərbaycanda əmək və məşğulluq sahəsində kişilərlə bərabər qadınlar da iştirak imkanları genişdir. "2003-cü illə müqayisədə  respublikamızda məşğul əhali tərkibində qadınların xüsusi çəkisi 20,4 faiz artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 47,2 faizi qadınlarla bağlanmış müqavilələrə aiddir.

Nazir sonra deyib: "Beynəlxalq Əmək Konfransının gələn ay Cenevrədə 106-cı sessiyası, o cümlədən sessiya çərçivəsində həmin Komitənin iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qeyd olunan sənədin də müzakirəsi nəzərdə tutulur. BƏT-in Rəhbər Orqanının üzvlüyünə namizədliyini irəli sürmüş ölkəmiz üçün həmin müzakirələr və onların nəticələri xüsusi əhəmiyyət kəsb edir".

Daha sonra müzakirələr aparılıb. Komissiya sənəddən irəli gələn məsələlərə uyğun olaraq, əmək və məşğulluq sahəsində bərabər imkanların yaradılmasına, bu sahədə daimi və çevik nəzarətin təmin olunmasına, ölkəmizdə sosial tərəfdaşlıq mexanizminin inkişafı yönündə aparılan işlər, üçtərəfli formatda həyata keçirilən  tədbirlər və s. barədə əlavə və dolğun məlumatların hazırlanaraq Komitəyə təqdim olunması ilə bağlı görüləcək işləri müəyyən edib.