Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirildi


Baxıldı : 497

Tarix : 2020-09-04 14:38:07


Avqustun 31- də Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın onlayn formatda iclası keçirilib. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev giriş sözü söyləyib. Deyib ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının daha dolğun təminatına xidmət edir.

İclasda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib, Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib.

“Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunun və “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi, BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə olunub.

Həmin məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.

İclasda Üçtərəfli Komissiyada təmsil olunan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin I müavini İlyas Əliyev, Katibi-aparat rəhbəri Həsən Cəfərov və digər məsul əməkdaşları iştirak və çıxış ediblər.

Konfederasiyanın Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov “2020-2026-cı illərdə sosial xidmətin inkişafına dair Milli Strategiya” adlanan qanun layihəsi ətrafında müzakirələrdə çıxış edərkən deyib ki, ölkəmizdə son illər sosial sahədə mühüm addımlar atılıb. “Sosial xidmətlər haqqında” qanun qəbul olunub, sosial təminat növlərinin təyinatının proaktiv qaydada həyata keçirilməsi və bu sahədə xidmətlərin elektronlaşdırılması kimi bir çox işlər görülüb. Bütün bu və digər sosial islahatlar vətəndaşların rifah və yaşayış halının yaxşılaşdırılmasına hesablanıb. Sosial xidmətin inkişafına dair hazırlanan Milli Strategiya da bu məqsədə xidmət edəcək.

Hesab edirik ki, bu sənədin qəbulu sosial xidmətlərin həyata keçirilməsində əhatəlilik, ünvanlılıq və əlçatanlıq prinsiplərinə tam əməl olunmasına şərait yaradacaq və regionlarda bütün təbəqələri əhatə edəcəkdir.

Namiq müəllim buna nail olmaq üçün Baş Kollektiv Sazişin müvafiq öhdəliklərinin strategiyanın “Sosial müdafiənin gücləndirilməsi istiqamətləri” bölməsində yer alması təklifini irəli sürdü. AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov da gündəlikdə duran məsələlərə dair təmsil etdiyi təşkilatın təkliflərini səsləndirdi.

 

Şərqiyyə  MİRZƏYEVA,

AHİK-in Hüquq şöbəsinin

əməyin hüquq müfəttişi