Soyqırımı tədbirlərlə xatırlandı


Baxıldı : 149

Tarix : 2018-03-02 23:12:00


Fevralın 26-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlarda Xocalı soyqırımı çoxsaylı tədbirlərlə xatırlanmışdır. Rayon komitəsinin əməkdaşları Şəkidə məskunlaşmış Xocalının təhsil işçilərinin evlərinə getmiş, ailələri ilə görüşmüş, onlara mənəvi və maddi köməklik göstərmişlər.

Rayon komitəsi bu faciənin uşaqlara, gənclərə aşılanması məqsədilə “Xocalı uşaqların gözü ilə” adı altında rəsm müsabiqəsi də təşkil etmişdir. Müsabiqəyə 180 rəsm təqdim olunmuşdur. Həmin rəsmlərin ən yaxşıları seçilərək 12 saylı şəhər tam orta məktəbinin akt zalında sərgilənmişdir. Sərginin rəsmi hissəsində çıxış edən TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, rayon təhsil şöbəsinin metodisti Rəşad Rəşidov və rəssam Söhrab Ərəbov rəsmləri yüksək vətənpərvərlik hisslərinin təzahürü kimi qiymətləndirdilər.

Sonda I, II, III və həvəsləndirici yerləri tutan 52 şagirdə rayon komitəsinin hədiyyələri təqdim olundu.Unudulmayacaq qətliam

Fevralın 23-də Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir bu faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin tərbiyə işləri üzrə direktor müavini A.Məmmədova Xocalıda günahsız insanlara qarşı baş verən qırğınlar, vəhşilik və vandalizm haqqında məlumat verib, bu vəhşiliklərə heç bir müharibədə rast gəlinmədiyini qeyd edib. A.Məmmədova Xocalı faciəsinin yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın heç vaxt unudulmayacağını vurğulayıb.

Liseyin psixoloqu N.Allahverdiyeva çıxışında Xocalı soyqırımını əsrin dəhşətli faciəsi adlandırdı. Real faktlara əsaslanaraq erməni faşizminin insanlığa sığmayan əməllərini, sovet ordusu ilə birgə xalqımıza qarşı törətdikləri dəhşətli faciələri bir daha nəzərə çatdırdı.

Sonra liseyin I kurs tələbəsi R.Nəbiyeva, II kurs tələbələri R.Baxışlı və V.Osmanovun hazırladıqdarı Xocalıya həsr olunmuş şeir kompozisiyasının nümayişi edildi. Liseyin tələbələrinin hazırladıqları “Xocalı qan yaddaşımız” adlı rəsm sərgisinə baxış keçirildi.

Röya BAYRAMLI,

Dəmir Yolu və Metropoliten üzrə Bakı

Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı