Soyuqdan və qripdən necə qorunaq?


Baxıldı : 235

Tarix : 2017-12-08 19:24:45


Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda soyuqlar düşər-düşməz qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir.

Virusa yoluxmadan  necə qorunmalı? Niyə havanın soyuması ilə bərabər infeksion xəstəliklərin yayılması daha da artır? Qripi önləmək üçün hansı tədbirlər görülməlidir?

Sualla Republika Gigiyena və Epidemiologiya Mərkəzinin  həkim-epidemioloqu  Nəzmiyyə Brumendfarda müraciət etdik. Həkim bildirdi ki, fəsil keçidləri dövründə insanlar arasında dövr edən, narahatçılığa səbəb olan əsasən yuxarı tənəffüs orqanlarının infeksiyalarıdır: "Bu infeksiyalar qirip virusunun törətdiyi xəstəliklər qədər  fəsadlar vermir. Lakin epidemioloji vəziyyət gərginləşərsə, qrip virusu çoxalarsa məktəblərin tibb məntəqələrində filtirlər təşkil olunur. Uşaqların hər gün hərarəti yoxlanılır, xəstəliyin simptomları nəzərə çarparsa, onlar sinfə buraxılmır. Məktəblərdə  dezinfeksiya işləri aparılır. Sinif rəhbərlərinə tapşırılır ki, şagird hansısa yuxarı tənəffüs yolları və ya hava damcısı infeksiyası ilə məktəbə gəlibsə, həmin uşaq sinifdən uzaqlaşdırılsın. Hazırda məktəblərdə vəziyyət stabil olduğu üçün belə tədbirlərə biz hələ başlamamışıq".

 Tibb üzrə ekspert  Rasif Bağırov isə dedi ki, qrip virusu dəyişkən formaya malik olduğu üçün indiyə qədər ona qarşı konkret peyvənd hazırlamaq mümkün olmur. Yalnız müalicə etməklə bu xəstəliyin qarşısını almağa çalışırlar. Qrip infeksiyası mövsümün dəyişdiyi aylarda, məktəblər açıldıqdan sonra xüsusilə şagirdlərdə artır. Səbəbi də insanların daha çox qapalı və sıx məkanlarda toplu halda cəmləşməsidir. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına əsas təsiredici faktorlardan biridir.

Ekspert bildirdi ki, müəyyən qrup insanlar var ki, həkimə müraciət  etmədən antibiotik və digər dərmanlar qəbul edir, bu da sonradan daha böyük fəsadlara gətirib çıxarır: "Gərəksiz yerə istifadə edilən antibiotiklər xəstəliyin irəliləməsinə belə yol aça bilər. Yalnız bakterial infeksiyalara qarşı həkim nəzarəti ilə antibiotik istifadə edilə bilər. Qripə bənzər xəstəliklərdə evdə istirahət edilməli və digər insanlarla məsafəmizi qorumalıyıq. Çölə çıxarkən xəstəliyi bulaşdırmamaq üçün maska taxa bilərik. Məktəblərdə isə bu aylarda pediatrların müayinə aparması çox yaxşı olardı. Onlar xəstəlik müşahidə etdikləri şagirdlərdən analiz götürüb müayinə etməlidirlər. Gözləmək lazım deyil ki, bu virus kütləvi hal aldıqdan sonra tədbirlər görülsün. Çünki  orqanizmdə qripdən başqa digər xəstəlik varsa, bu zaman həmin xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə də qripə bütün "xəstəliklərin açarı" deyirlər".

Qabaqlayıcı tədbirlər kimi  A, C, E, selenium, sink vitamini ilə zəngin olan qidaları nizamlı şəkildə qəbul etmək lazımdır. Bu zaman qripə tutulmaq riski az olur.

Balıq, qırmızı ət, süd, qatıq, kök, düyü, şüyüd, cəfəri, brokoli, ispanaq, kök kimi qidalar A vitamini ilə, yaşıl bibər, sitrus bitkiləri, soğan, kərəvəz, kivi C vitamini ilə zəngindir. Bildiyiniz kimi, C vitamini bədənin müqavimətini artırır, immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur.

Əsli ƏHMƏDOVA