Spirtli içkilər bahalaşıb


Baxıldı : 330

Tarix : 2015-02-14 04:26:00


Bahalaşmanın olacağı ilə bağlı proqnozlar özünü doğruldur. Artıq pərakəndə satış mağazalarında spirtli içkilərin qiyməti artıb. Əvvəlcədən də gözlənilirdi ki, spirtli içkilər - şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq.Hazırda isə siqaretin pərakəndə satış qiymətində nəzərəçarpacaq artım olmasa da, spirtli içkilər istehsalçı zavoddan və çəkisindən asılı olaraq 50 qəpikdən 4 manatadək bahalaşıb. Həmçinin, mağaza vitrinlərində spirtli içkilərin çeşidi azalıb. Satıcıların sözlərinə görə, bəzi istehsalçıların məhsulları qiymət bahalaşmasından sonra yoxa çıxıb. Qarşıdakı aylarda vəziyyətin necə olacağı isə bilinmir. Maraqlıdır, siqaret və spirtli içkilərin qiymətində bahalaşma hansı nəticələrə səbəb ola bilər?Məsələyə münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyir ki, tütün və spirtli içki məhsullarında bahalaşma gözlənilən idi: \ Azərbaycanda tütün istehsalında xammal xaricdən alınır. Son statistik məlumatlara görə, ötən il ölkədə tütün məmulatlarında daxili istehsal artıb. Çox güman ki, tütün məmulatlarının üzərinə aksiz vergisinin artımı daxildəki istehsalçının maraqlarına hesablanıb. Yəni idxal olunan tütün daha baha olsun. Amma proses daxili istehsala da təsir göstərəcək və bahalaşma real görünür\ .İqtisadçı Vüqar Bayramovun sözlərinə görə isə, siqaret və spirtli içkilərin qiyməti bahalaşa bilər: \ Spirtli içkilərin ayrı-ayrı növləri üzrə tutulan aksiz vergisi dərəcələri əvvəlki illə müqayisədə 2-12 dəfə arasında artırılıb. Siqaretlərdə isə indiyədək ümumi məbləğə hesablanan 12.5 faizlik aksiz dərəcəsi saya görə hesablanacaq. Əslində aksiz dərəcələrindəki bu dəyişiklik çoxdan edilməli idi. Çünki bu artım Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda atmalı olduğu addımlardan biridir. Hazırda isə aksiz markaların qiymətinin artırılması təbii olaraq spirt və tütün məhsullarının qiymətlərinin artımına gətirib çıxarıb\ .Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə o qənaətdədir ki, əgər artımlar siqaret çəkməni və araq içməni azaltmaq üçün edilsə, bu, təqdirəlayiq olardı: \ Biz hər zaman spirtli içkilərin və tütün məhsullarından istifadənin əleyhinəyik. İmkanımız daxilində də bu məmulatlara qarşı mübarizə aparmışıq. Amma indiki halda qiymətlərin qalxması insanların cibinə mənfi təsir göstərəcək\ .Xalid AZƏR