Statistik göstəricilər narahatlığı artırır


Baxıldı : 61

Tarix : 2017-09-08 17:37:28


 

 

Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder Sinqapurda keçirilən "XXI Dünya İşçi Sağlamlığı və Təhlükəsizliyi Konqresi”ndə iştirak edib. Tədbirə müxtəlif ölkələrdən 3500-ə yaxın nümayəndə qatılıb. Baş katib çıxışında bildirib ki, işçilərin sağlamlığına və təhlükəsizlik standartlarının yetərliliyinə lazımi vəsait  ayrılmadığından il ərzində 2,78 milyon işçi peşə xəstəliklərindən və sair dünyasını dəyişir: "2,4 milyon insan müxtəlif xəstəliklərə və ya əlilliyə düçar olur. Bu, BƏT-in İşçilərin Sağlamlığı Komissiyasının verdiyi statistikadır. Maliyyə itkisi isə 2,99 trilyon ABŞ dolları göstərilib. Qeyd olunan statistik göstəricilər vəziyyətlə bağlı narahatlığı daha da artırır. Biz problemlərin həll olunması üçün, Finlandiya əmək nazirinin də təklif etdiyi kimi, əlaqəli təşkilatlarla qlobal koalisiya yaratmağa hazırıq. Keçirilən konqresin təşkilatçılarından olan BƏT əmək sektorunda təhlükəsizliklə bağlı yaranan çatışmazlıqları araşdırır, ictimaiyyətə çatdırır və məsələ ilə bağlı görülməli olan işləri  bu və ya digər tədbirlərdə gündəmə gətirir. Əmək sektorunun gələcəyinin hansı standartlarda formalaşmasına tələb və təkliflərimizi irəli sürərək təsir edə, həmkarlar ittifaqı təşkilatlarının maraqlarını birlikdə qoruya bilərik".

Qeyd edək ki, "XXI Dünya İşçi Sağlamlığı və Təhlükəsizliyi Konqresi" BƏT və Beynəlxalq Sosial Təhlükəsizliyə Yardim Assosiasiyası tərəfindən təşkil edilib.

Cavid SƏFƏROV