Statistik məlumatlar dəhşətli mənzərədən xəbər verir


Baxıldı : 101

Tarix : 2019-10-18 17:04:44


Dünya ictimaiyyətinin narahatlığına səbəb olan ən ağrılı problemlərdən biri olan qadın zorakılığına qarşı birgə mübarizə aparmaq üçün mütəmadi tədbirlər görülür. Konvensiyalar qəbul olunur, qanunlarda müvafiq dəyişikliklər edilir.  BMT Baş Assambleyası hələ 1999-cu ildə 25 noyabr tarixini- Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan etmişdir. Təşkilata üzv olan Azərbaycanda da bu beynəlxalq günə, eləcə də bəşəriyyətin daim üzləşdiyi qadın zorakılığına qarşı müxtəlif tədbirlər həyata keçirilir.  Lakin bütün bu tədbirlərlə yanaşı, dünyada, eləcə də ölkəmizdə, təəssüf ki, hələ də şiddətə məruz qalan qadınların sayında azalma müşahidə olunmur. Statistik məlumatlar isə  dəhşətli mənzərədən xəbər verir.  Təkcə oktyabr ayının ilk on günündə ölkədə qadınlara qarşı 12 cinayət hadisəsi törədilib. Təəssüf ki, bu cinayətlərdən 4-ü ölümlə nəticələnib.

Bəzən psixoloq və sosioloqlar buna səbəb kimi qadının təhsilsiz, işsiz olmasını, iqtisadi baxımdan özünü təmin edə bilməməsini, cəmiyyətin boşanmış qadına birmənalı yanaşmamasını, uşaqların olmasını və s. göstərirlər.

Sosioloq Əhməd Mansurov məsələyə münasibət bildirərkən ailədə qadınların nisbətən ikinci planda olduğunu söylədi: -Dedi ki, cəmiyyətimizdə kişilərin üstün mövqedə olması,  təəssüf ki, özünü ailədə də, ər-arvad münasibətlərində də büruzə verir. Bu baxış təkcə ailədə deyil, hətta işdə də zərif cinsin nümayəndələrinə karyera qurmaqda mane olur. Qadınları beyinlərdə formalaşmış, daşlaşmış “zəif cins” obrazından çıxarmaq lazımdır.

Çoxdandır ki, sivil ölkələrdə bu istiqamətdə iş aparılır və nəticə də var. Məsələn,  Norveçdə zorakılıq halları olan ailələrdən uşaq alınır. Çünki  bu vəziyyət uşaqların sosial, psixoloji inkişafına mənfi təsir edir. Uşağın belə ailədə böyüməsi yalnız onun və ailəsinin deyil, ümumilikdə cəmiyyətin problemi olur. Cəmiyyət bu cür məsələlərdə laqeyd qalmamalıdır.

Sosioloq problemin həllində qadınların öz hüquqlarını öyrənməsinin vacib şərt olduğunu bildirdi. O, medianın, televiziyanın  zorakılığa qarşı anti-təbliğatını düzgün aparmadığını vurğuladı. Zorakılıq hadisələrinin və ya cinayətlərin cəmiyyətə kor-koranə çatdırılması psixoloji problemlər yaşayan insanlara təsirsiz ötüşməyəcək, - dedi: “Ona görə də, belə xəbərlərin hazırlanması və ya yayımlanması zamanı psixoloq və ya sosioloq razılığı olmalıdır”.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova müxbirimizə dedi: “ cəmiyyətdə belə bir stereotip formalaşıb ki, qadın ona edilən haqsızlığa, zorakılığa dözməlidir. Bu stereotipləri qırmaq lazımdır. Çünki qadın ilk növbədə şəxsiyyətdir və onun hüquqları var. Ona görə də qadınlar davamlı olaraq baş verən zorakılıq hallarına dözməməlidirlər.

Digər bir səbəb isə, qadınların yaşadıqları həyat tərzi ilə mübarizə aparmalarıdır. Həmin qadınlar zamanla həyat yoldaşlarını zorakılıqdan çəkindirəcəklərini, vəziyyətin düzələcəyini düşünürlər. Bu, dözmək deyil, iradə məsələsidir. Yəni qadınlar özlərinə güvənirlər ki, həyat yoldaşlarının fikirlərini, dünyagörüşlərini dəyişəcəklər. Təbii ki, öz məqsədinə nail olanlar da, ola bilməyənlər də var. Təəssüf ki, bu istəyinə çatmayanlar üçün boşanmaq bir növ çıxış yolu sayılır. Çünki qadın davamlı olaraq şiddətə məruz qalarsa, özünə olan inamını və hörmətini itirər. Bu isə intihar və ya cinayət hadisəsi ilə nəticələnə bilər. Ona görə də bu kimi ailələrdə boşanma daha labüd yol sayılır”.

Müdir müavini qeyd edir ki, məişət zorakılığına məruz qalan xanımlar arasında iqtisadi cəhətdən özünü təmin edə bilməyən, təhsilsiz qadınlar daha çoxdur. Buna görə də qadınların təhsil alması, onların məşğulluq fəaliyyətinin genişləndirilməsi çox vacibdir.

Əsli ƏHMƏDOVA