İstiqlaliyyətə aparan yol


Baxıldı : 305

Tarix : 2016-05-27 09:41:00


1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Cümhuriyyətin yaradılmasına aparan tarixi yol necə olub? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Dövlətçiliyimiz tarixində hansı izlər qoyub? Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova suallarımıza cavab olaraq bildirib ki, xalqımızın milli düşüncəli, milli məfkurəli ziyalıları artıq 1917-ci ildə Rusiyada mütləqiyyət devrildikdən sonra Azərbaycana, digər müsəlman xalqlarına olduğu kimi məhəlli muxtariyyət tələbi ilə çıxışlar etdilər. Onu da qeyd etmək lazımdır ki, Rusiya müsəlmanlarının qurultayında məhz bizim ziyalıların təklifi ilə Azərbaycana, Rusiya xalqlarına, müsəlmanlara məhəlli-ərazi muxtariyyəti verilməsi qərarı yüksək səs çoxluğu ilə həyata keçdi. Digər tərəfdən isə, mədəni muxtariyyət tələb edilirdi. Yəni Azərbaycanın milli hərəkatının aparıcı qüvvələri muxtariyyat ideyası ilə çıxış edirdilər. Bir tərəfdən isə, Rusiya Federativ Respublikasının nəzdində Azərbaycan muxtariyyatını gerçəkləşdirməyi düşündükləri bir vəziyyətdə bolşeviklərin hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda bu istəyin üstündən xətt çəkildi. Bolşeviklər öz hakimiyyətinin qurulması üçün yerli əhaliyə divan tuturdular. 1918-ci ilin yazında Azərbaycanlılara qarşı törədilən qətliamların əsas məqsədi Azərbaycan muxtariyyətinin gerçəkləşməsinin qarşısını almaq, milli hərəkatı sosial bazadan məhrum etmək idi. Bu baxımdan 1918-ci ilin yazında artıq Zaqafqaziya seymində fəaliyyət göstərən müsəlman fraksiyası regionda baş verən beynəlxalq rəqabət müstəvisində siyasətini çevik olaraq aparmağa üstünlük verdi. Qafqaz regionunda, Xəzər hövzəsində maraqlı olan qüvvələr Böyük Britaniya, Rusiya, Almaniya və Osmanlı dövləti idi. Bunların içərisində yeganə olaraq Osmanlı dövləti 1918-ci ildə Qafqaz müsəlmanlarını qırğından qurtarmaq üçün azərbaycanlıların müraciətinə əsasən onlara yardım etməyə, dəstək olmağa hazır olduqlarını bildirdilər. Türkiyənin ciddi təkidinə və yardım göstərmək barədə vədinə baxmayaraq, ovaxtkı Zaqafqaziya hökuməti Brest-Litovsk danışıqlarında nəzərdə tutulanları yerinə yetirməkdən, müstəqilliyinin elan olunmasından imtina etdi. Belə bir situasiyada Zaqafqaziya seymində milli maraqlar dövlət maraqları ilə toqquşduğundan birgə fəaliyyət göstərmək imkanı tükəndi. Almaniyanın himayə etdiyi Gürcüstan mayın 26-da öz müstəqilliyini elan elədi. O baxımdan Zaqafqaziya seymində müsəlman fraksiyası olan Azərbaycan heyəti Azərbaycan Milli Şurası şəklində toplanaraq müstəqil olmağa qərar verdi. Yəni, göründüyü kimi, odövrki milli hərəkatın Azərbaycanın istiqlaliyyəti baxımından istəyi, niyyəti var idi. Sadəcə olaraq, yeni situasiya artıq bunun gerçəkləşməsini zəruri etdi. Ona görə də mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması həm Azərbaycan dövlətçiliyinin bərpa olunması, milli hərəkatın ali istəyinə çatması, eyni zamanda regionda geosiyasi konyukturadan irəli gələn bir akt idi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçiliyimiz tarixində dərin izlər qoydu. Bu ondan ibarət idi ki, Rusiya tərkibində yüzillik əsarətdən sonra Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan dövlətçiliyi respublika formasında bərqərar oldu. Ətrafda müsəlman dövlətləri monarxiya rejimində yaşadıqları halda, Azərbaycan ziyalıları ən demokratik bir idarə formasını, yəni cümhuriyyət üsul-idarəsini seçdilər. Bu baxımdan ilk olaraq Azərbaycan xalqı tarixdə, türk-müsəlman aləmində, Şərqdə demokratik respublika qurucusu kimi tarixə düşüblər. Digər tərəfdən, Azərbaycan kəlməsini coğrafi anlamdan siyasi anlama gətirərək, dövlətin adını qoymaqla ona siyasi status verdilər. Azərbaycan parlamentarizmi, yəni Avropa tipli parlamentarizmin əsası qoyuldu. Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət, vətəndaş cəmiyyəti yönündə institutlar təsis edildi. Yəni iyirminci əsrin əvvəllərində AXC türk-müsəlman aləmində demokratik dövlət quruculuğunun ən örnək nümunəsini həyata keçirmiş oldu. Azər BAYAT