Stomatoloji müayinələr aparılmalıdır


Baxıldı : 167

Tarix : 2017-02-10 23:02:44


"Məktəblərdə aparılan yoxlamalar zamanı şagirdlərdə bir çox ağız boşluğu xəstəlikləri aşkarlanıb". Bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, bu xəstəliklər əsasən kariyes boşluğu, selikli qişada isə somatitlərdir. Bu cür ağız boşluğu xəstəliklərindən uzaq olmaq üçün uşaqlar gün ərzində iki dəfə dişlərini fırçalamalıdır. Ən əsası isə gecə yatmamışdan əvvəl dişlər fırçalanmalıdır. Uşaqları vaxtında həkim müəayinəsinə gətirmək lazımdır".

Baş həkim deyib ki, gün ərzində mərkəzdə təxminən 130-a yaxın uşaq müayinə və müalicə ala bilir. Müraciətlər çox vaxt süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı olur.

A.Əliyev bildirib ki, süd dişinin vaxtında müalicə edilməməsi sonradan bir çox problemlərə gətirib çıxarır: "Süd dişinin vaxtından əvvəl çıxarılması diş və çənə quruluşunun pozulmasına və dişlərin əyilməsinə səbəb olur. Ən əsası vaxtından tez çəkiləndə diş mayasına toxunula bilər, ya da həmin dişin toxuması bərkidiyindən onun yerinə gələn diş başqa yerdən çıxır".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov  söyləyib ki, uşaqların sağlam böyüməsi üçün stomatoloji müayinələrin keçirilməsi vacibdir: "Əvvəllər xüsusi stomatoloji avtobuslar var idi. O avtobuslar məktəblərin həyətində uşaqların dişlərini, ağız boşluğunu yoxlayardı. İndi də bu yoxlamaların aparılması vacib məsələdir, çünki ağız boşluğunda olan infeksiyalar sonradan diş xəstəliklərinin, revmatizmin, ürək qüsurunun əmələ gəlməsi riskini xeyli artırır. Ona görə də biz səbəbə qarşı mübarizə aparmalıyıq, sonradan nəticələrin ağırlaşmasına daha çox vəsait xərcləyirik. Ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir".

Aliyə SƏMƏDOVA