Strateji yol xəritəsi: Peşə təhsili sistemi, gələcək perspektivlər


Baxıldı : 277

Tarix : 2017-01-13 22:42:29


"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi",  peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanmışdır. Bu sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilmişdir.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev nəzərdə tutulan məsələlərlə bağlı bildirib ki, əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması inkişaf etməkdə olan ölkələrdə daha böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə də son dövrlər bu sahədə islahatlar həyata keçirilir. Texnologiyaların, kənd təsərrüfatının, qeyri-neft sənayesinin inkişafı peşə məktəblərinə yenidən yanaşmanı zəruri eləyib. Nəzərdə tutulub ki, gələcəkdə yaradılacaq peşə məktəbləri regionların təsərrüfat, sənaye tələblərinə cavab versin. Hazırda peşə məktəblərinin mərkəzləşdirilməsi agentlikləri yaradılır və bunlar regionlara uyğun fəaliyyət göstərəcək. Məsələn, Cənub və Şimal zonası üzrə ayrı-ayrı təsərrüfat sahələrinə uyğun peşə məktəbləri olacaq. Eləcə də sənaye mərkəzlərinin olduğu şəhərlərdə onların tələblərinə cavab verən peşə məktəbləri yaradılacaq.

Təhsil ekspertinin sözlərinə görə, peşə təhsili sisteminin spesifik cəhətlərindən biri bu təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin həm pedaqoji biliyinin, həm də ixtisas üzrə praktiki səriştələrinin olmasının vacibliyidir. Sənəddə qeyd olunduğu kimi, növbəti illər ərzində peşə təhsili müəllimlərinin seçimində gənclərə daha çox üstünlük veriləcək. Bu isə gələcəkdə idarəetmədə onlara geniş imkanlar yaradacaq. Eyni zamanda peşə təhsili sahəsində usta-pedaqoji heyətin yetişdirilməsi üçün müvafiq ali təhsil bazasının olmaması da əsas problemlərdən biridir. Həmçinin peşə təhsili sistemində təhsilin keyfiyyəti birbaşa maliyyələşdirmə səviyyəsindən asılıdır ki, bu da təlim və tədris prosesinin ayrılmaz hissəsi olan müəllim-pedaqoji heyətinin maddi həvəsləndirilməsi, istifadə olunan maddi-texniki bazanın, infrastruktur və avadanlıqların müasir tələblərə uyğunluğunun təmin edilməsindən asılıdır.  Strategiyada deyilir ki, bu məslələrin də həll olunması başlıca amildir.

Kadrların düzgün seçimi aparılarsa, regionların tələblərinə uyğun dəqiq peşə ixtisas seçimi qurularsa, işlərin şəffaf və məhsuldar olmasından ötrü texnologiyalardan lazımınca istifadə edilərsə nəticə də faydalı ola bilər.  Bu mühüm işə peşəkarcasına, xidmət sahələrini öyrənərək iqtisadiyyatın tələblərinə uyğun texnologiyaları mənimsəyib yanaşıldıqda effektli olacaq.

Əjdər müəllim deyib ki, sənəddə əsasən dövlətə məxsus peşə məktəblərində  həyata keçiriləcək istiqamətlər nəzərə çatdırılır. Düşünürəm ki, sonralar xidmət sahələrinin artması səbəbindən müxtəlif fəaliyyət növlərini təqdim edən özəl məktəblər də yaradıla bilər.

Ə.Ağayev qeyd edib ki, işəgötürənlər də bu işdə maraqlı olacaqlar. Yəni müəssisə rəhbərlərinin əsas istəyi düzgün kadr seçimindən alınan nəticədir. Hazırlıq prosesi, tədris tam qaydalara uyğun aparılıbsa, kadrlar da öz məhsuldarlığı ilə seçiləcəklər. Bu həm də gəlirə, istehsal prosesinə də təsirini göstərəcək. Dövlət və özəl sektoru təmsil edən işəgötürənlərlə peşə təhsili müəssisələri arasında əməkdaşlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, əməkdaşlıq imkanları bir çox sahələrdə hələ də məhduddur. Bu cür əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işəgötürənlərə təhsilin məzmunu və kadr hazırlığını öz ehtiyaclarına uyğunlaşdırmaq, peşə təhsili müəssisələrinə isə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq imkanı verməklə hər iki tərəf üçün qarşılıqlı fayda kəsb edə bilər.

Özəl sektorla peşə təhsili və təlimi müəssisələri arasında dövlət-özəl tərəfdaşlığına əsaslanan mexanizm işlənib hazırlanacaq və bu birgə əməkdaşlıq mexanizmi müəyyən meyarlar əsasında seçilmiş pilot peşə təhsili müəssisələrində həyata keçiriləcəkdir. Bu cür əməkdaşlıq özəl sektorun maddi-texniki bazasından və mütəxəssislərindən istifadə etməklə peşə təhsili müəssisələrinə həm dəstək verəcək. Həm də təhsilin keyfiyyətini artıracaqdır. Eyni zamanda işəgötürənlərin tələblərinə uyğun qurulmuş təhsil proqramları (kurikulumlar) vasitəsilə məzunların əmək bazarına inteqrasiyasını və məhsuldarlıq səviyyəsini yüksəldəcəkdir.

AZƏR