Su həyatdır onu qorumalıyıq


Baxıldı : 536

Tarix : 2020-07-12 12:31:05


Kür çayı quruyur. Bu bir çox region ölkələri, o cümlədən Azərbaycan üçün böyük fəsadlarla müşahidə edilə bilər. Biz bu xoşagəlməz prosesin səbəblərini və gözlənilən mənfi nəticələrin ən azı yüngülləşdirilməsindən ötrü hansı təşəbbüslərin, tədbirlərin görülməsinin vacib olduğu barədə iqtisadçı-ekspert Vahid Məhərrəmovla söhbət etdik. Vahid müəllim dedi: Azərbaycanda neçə ildir qar istənilən həcmdə yağmır.

Çaylar dağlarda əvvəllərdən mövcud olan buzlaqların əriməsi sayəsində su ilə təmin edilir. Qlobal istilik şəraitində həmin sular da daha sürətlə və böyük həcmdə buxarlanır. Üstəlik, yağış da, necə dəyərlər, qeybə çəkilib. Ümid payız və növbəti qış aylarına qalıb. Biz istəsək də, istəməsək də, yayda quraqlıqla üzləşəcəyik.
İndidən çıxış yolları axtarmalıyıq. Çıxış yolları isə var. Bunlardan biri, bəlkə də birincisi, intensiv yağışlar yağan zaman yağış suyunu rezervuarlara, anbarlara yığıb sonra onlardan səmərəli şəkildə istifadə etməkdir. Əlbəttə, bu, vəsait və zaman tələb edir. İkinci çıxış yolu Xəzərin suyunu emal etmək, yəni şirin suya çevirməkdir.
Bunun üçün texnologiyalarımız da mövcuddur. Məlumat üçün deyim ki, ölkəmizdə 1.5 milyard kubmetr şirin suya ehtiyac var. Kürdən, Arazdan su gəlməsə də, ölkəmiz 10 milyard kubmetr su yığmaq imkanındadır. Bunun isə 1.5 milyardı məişətdə içməli su kimi istifadə edilər, 4-5 milyardı kənd təsərrüfatında, 2 milyardı isə sənayedə istifadə olunar. Mövcud resursumuz bizim tələbatdan dəfələrlə çoxdur. Lakin indiki kimi yanaşsalar, Azərbaycan əhalisi bir ildən sonra susuzluqla bağlı çox ciddi problemlərlə qarşılaşacaq. Heyvandarlıqda, bitkiçilikdə, təsərrüfatda və ən əsası məişətdə suya olan ehtiyacın, demək olar ki, beşdə biri də ödənilməyəcək. Hazırda əlaqədar qurumlar təcili səmərəli tədbirlər görməli, su israfçılığına qarşı ciddi mübarizə aparmalıdır. Əks halda vəziyyət get-gedə daha da ağırlaşar.
V.Məhərrəmov su probleminin yaranmasında oliqarxların xüsusi “xidmətini” də tənqid etdi. “Onların böyük həcmdə balıqçılıq gölləri var”, - dedi. - “Suyun böyük hissəsi o göllərə gedir. Ucsuz-bucaqsız əkin sahələrində  suvarma sularından israfcasına istifadə edirlər”.
Ekspert bildirdi ki, “Ölkəmizdə suyun ötürülməsində itkiyə yol verilir. Çünki kanallar keçən əsrin 20-40-cı illərində  inşa edilmişdir.  Hər il təmir olunsa da, nəticə vermir. Təklif edirik ki, bu kanallar ləğv edilsin. Su ötürülməsi borular vasitəsilə həyata keçirilsin. Bu zaman israfçılığın, itkinin qarşısı alınacaq. İstehlakçılar isə lazım olan qədər su əldə edə biləcəklər. 
Azərbaycan MDB ölkələri içərisində su itkisinə görə birinci yerdədir (30 faiz). Eyni zamanda suyu ən az istehlak edən ölkəyik. Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi norma adambaşına gün ərzində 450 litrdir . Əhaliyə böləndə 306 milyon kubmetr sudan istifadə olunur. Bu da gün ərzində adambaşına 82 litr deməkdir. Beş dəfədən də az. Ümumiyyətlə, ölkəmizdə problem su çatışmazlığında deyil, idarə edilməsindədir. Su təsərrüfatı işinə məsuliyyətli, peşəkar kadrlar cəlb olunmalıdır.
“Kürün suyu nə qədər təmizlənsə də, əhaliyə içməli su kimi verilməsi düzgün deyil. Tiflisdə və Gürcüstanın digər şəhərlərində Kürə tullantılar atılır. Buna görə də suyun keyfiyyətində ciddi problemlər yaranır. Bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün irimiqyaslı planlar hazırlanmalıdır. Müasir suvarma, sudan təkrar istifadə  və digər suya qənaət edən ağıllı texnologiyalardan geniş şəkildə istifadə olunmalıdır”,- deyə V.Məhərrəmov bildirdi.
Müəllifdən: Hörmətli oxucular. Su probleminin həllində, təbii ki, müvafiq dövlət, hökumət qurumlarının üzərinə çox böyük məsuliyyə düşür. Amma sudan istifadəçilərin də məsuliyyəti az deyil.
Mənzilimizdə israfçılığa yol verməməliyik, su həyatdır, həyatımızı qorumalıyıq.

Gülöyşə MƏMMƏDLİ