Sürücülərin şəffaflıq tələbi


Baxıldı : 78

Tarix : 2017-06-02 21:45:32


Bolqarıstanda Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı sərhəd keçid məntəqələrində yoxlama prosesinin sürətli aparılmamasına qarşı etiraz aksiyası keçirəcəyini bildirib. Bu səbəblə  bir neçə yük maşını sürücüsü Yunanıstanla Bolqarıstanın sərhəd keçid məntəqəsi olan Kulatada toplaşıblar. Aksiyanın təmsilçiləri Blaqeovgrad rayon idarəsinin rəhbəri Bisser Mixaylov, əmək nazirinin bölgə üzrə müdiri Nikolay Hadzıyev və  Cənub-Qərbi Gömrük İdarəsinin nümayəndəsi Georgi Aleksandrovla görüşüblər. Tez bir zamanda  problemin həlli yönündə işlər aparılacağı bildirilib.  İyunun 12-nə qədər sərhəd keçid məntəqəsində yol xəttinin genişləndiriləcəyi, tərəzi stansiyalarının sayının artırılacağı və yoxlamaların sürətləndirilməsi barədə işlər aparılacağı qeyd edilib.

Yük maşını sürücülərinin daha bir tələbi isə tərəzi sisteminin şəffaf həyata keçirilməsi olub. Onlar tələblərinin tez bir zamanda yerinə yetirilmədiyi təqdirdə yenidən aksiya keçirəcəklərini bildiriblər.

Cavid SƏFƏROV