Sularda xilasetmə çoxnövçülüyü üzrə çempionata yekun vurulub


Baxıldı : 263

Tarix : 2018-06-22 23:03:33


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında keçirilən 15 İyun-Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Sularda xilasetmə çoxnövçülüyü” üzrə çempionat iyunun 13-də sona çatıb. Çempionat FHN İşçiləri Həmkarlar İttifaqının və Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutub.

Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı Neft Emalı Müəssisələrinin Mühafizəsi üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında keçirilən və üç gün davam edən yarışda ümumilikdə 10 komanda iştirak edib.

Yarışın yekun nəticəsinə görə, Bakı Dalğıc Axtarış Qrupunun komandası 1-ci yerə, Zağulba Dalğıc Axtarış Qrupunun komandası 2-ci yerə, Corat Sularda Xilasetmə Məntəqəsinin komandası isə 3-cü yerə çıxıb.

Tədbirdə FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev iştirak ediblər.

M.İsmayılov mükafatlandırma mərasimində çıxış edərək 15 İyun- Milli Qurtuluş Gününün  tarixi əhəmiyyətindən danışıb. Sonra o, iştirakçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Sonda qaliblərə FHN İşçiləri Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.

Azər MUSTAFAYEV