Sulu qəlyana qadağa qoyulacaq


Baxıldı : 365

Tarix : 2015-01-24 05:47:00


Son dövrlər gənclərin siqaret qədər müraciət etdikləri ikinci zərərli vərdiş sayılan sulu qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan 50 siqaretə bərabərdir. Alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanlar xüsusən siqaret çəkməyənlərin hobbisinə çevrilsə də, nəticədə hər ikisi orqanizmə ziyan vurur. Tərkibi ağır metallarla zəngin qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 50-135 nanoqram (milli qramın mində biri) arsenium varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir. Bunu nəzərə alan parlament Azərbaycanda sulu qəlyanın istifadəsini qadağan edə bilər. Bununla bağlı mətbuata açıqlama verən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev deyir ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək: \ Təəssüflər olsun ki, son vaxtlar Azərbaycanda, xüsusən də Bakıda sulu qəlyanın istifadəsi çox geniş yayılıb və gənclərin çoxu ona meyil edir. Amma onun çox böyük mənfi təsirləri var. Həm insanın orqanizmini, həm ətrafdakıları zəhərləyir. Eyni zamanda gigenik qaydalara fikir verilmədiyi halda ağız vasitəsilə infeksiyanın bir şəxsdən digər şəxsə ötürülməsi qorxusu var. Bir sözlə, istənilən infeksion xəstəliyin yoluxmasına gətirib çıxarır. Sulu qəlyanın doğurduğu ən böyük təhlükədən biri də odur ki, ondan istifadə nəticəsində asılılıq, narkomaniyaya meyillilik yaranır. Bununla bağlı məsələ qaldıracağam ki, Azərbaycanda sulu qəlyanın istifadəsi qadağan olunsun. Bəziləri deyirlər ki, guya bu, faydalı otlardan hazırlanır, amma belə deyil\ .Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, siqaretlə yanaşı, elektron siqaretlər, sulu qəlyanın da insan sağlamlığı üçün zərəri var: \ Amma siqaretə qarşı anti-reklamdan istifadə edənlər elektron siqaret və sulu qəlyana marağın artmasına şərait yaradırlar. Amma sulu qəlyanın zərəri siqaretdən az deyil. Elektron siqaretlərin isə tərkibində nikotin var, yəni asılılıq yaradır. Amma guya ki, elektron siqaret tütün məmulatlarından asılılığı aradan qaldırır. Marketlərdə, iri ticarət mərkəzlərində 100-150 manata olan elektron siqaretlər elektrik məhsulları kimi qeydiyyatdan keçirilir. Halbuki o da siqaret kimi qeydiyyatdan keçirilməlidir\ .Həkim Azər Həsənov da insanları qəlyan təklif edən iaşə obyektlərinin cəlbedici elanlarına aldanmamağa çağırır: \ Azərbaycanda qəlyan çəkənlərin sayının artması yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. Bəzi insanlar qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, əslində mütəmadi qəlyan çəkənlərdə müxtəlif xəstəliklər yarana bilər. Uzun müddət qəlyandan istifadə olunması sonda ağciyər xəstəliyinə gətirib çıxarır. Qəlyan istifadə edənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Amma bu, tamamilə səhv düşüncədir. Çünki nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Nəzərə alınmalıdır ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. Qəlyan həm də yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Belə ki, gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb ola bilər\ .Xalid AZƏR