Sürücü tibbi müayinədən, nəqliyyat vasitəsi isə texniki baxışdan keçməlidir


Baxıldı : 41

Tarix : 2018-10-06 04:58:01


Sürücü tibbi müayinədən, nəqliyyat vasitəsi isə texniki baxışdan keçməlidir

 

 Son günlər həm paytaxt, həm də rayon yollarında marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayının artması ölkədə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında  qorxu  və haqlı narazılığa səbəb olur. Son günlər ərzində, demək olar ki, bir neçə yerdə ölümlə nəticələn ağır qəzalar baş verdi. Və məlum oldu ki, qəzalar ən çox sürücünün sürət həddini keçməsi, diqqətsizliyi,  uzunmüddətli yuxusuzluğu və sair səbəblər ucbatından baş verir.

Bəs qəzaların baş verməməsi üçün sürücülər hansı tələblər əsasında işə qəbul edilməlidir? Sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görülməlidir?

Suallarımıza cavab almaq üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət etdik. Dedi ki, sürücülərin işə qəbulu, onlarla əmək müqavilələrinin bağlanılması prosesi agentliyin müdaxiləsi olmadan, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir: “Ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb, onlara xüsusi güzəştlər tətbiq olunur. Lakin bu yaranmış şəraitdən sərnişindaşımada fəaliyyət göstərən bəzi daşıyıcılar sui-istifadə edirlər. Son vaxtlar baş verən avtobus qəzalarından da aydın olur ki, daşıyıcı şirkətlərin əksəriyyəti sürücü seçərkən və ya nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi zamanı ciddi məsuliyyətsizliyə yol verirlər. Sürücü hər gün işə başlamazdan əvvəl onun müvafiq tibbi müayinədən, nəqliyyat vasitəsinin isə texniki baxışdan keçirilməsi şirkət tərəfindən təmin olunmalıdır. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün bir avtobusu iki sürücü idarə etməlidir. Lakin bir sürücü səhər saat 6-dan axşam 12-yə kimi sükan arxasında oturursa, əlbəttə ki, onda həm yorğunluq, yuxusuzluq, bir sözlə qəzanın yaranmasına səbəb olan amillər yaranacaq”.

M. Ağayev bildirdi ki, artıq qaydalara əməl etməyən, işinə məsuliyyətsiz davranan bu daşıyıcıların fəaliyyətinin dayandırılmasının vaxtı çatıb. Bu istiqamətdə müəyyən tədbirlər görülüb, lakin bu kifayət deyil. Məsələn, sürücü peşəkarlığının artırılması, avtobus qəzalarının və xoşagəlməz halların qarşısının alınması üçün BNA-nın nəzdində sürücü-təlim mərkəzi yaradılıb. Hazırda bu təlim mərkəzində yaradılan sürücü bazasına 3000-dən artıq sürücü cəlb edilib. Onlar xüsusi sertifikat aldıqdan sonra sükan arxasına buraxılır. Məqsəd bütün marşrut şəbəkəsində çalışan sürücülərin bu təlimə cəlb edilməsidir. Bundan başqa, daşıyıcılar qarşısında tələblər qoyuruq. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılar maksimum çalışmalıdır ki, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etsinlər. Təbii ki, əhaliyə keyfiyyətli ictimai nəqliyyat təqdim edikdən sonra fərdi nəqliyyat  vasitələrindən istifadə edən vətəndaşların sayı azalacaq. Bu da tıxacın qarşısını alan əlverişli üsullardan biri olacaq. Kim ki, qoyulan tələblərə əməl etmir və mövcud nöqsanlar mütəmadi olaraq davam edirsə, o zaman həmin daşıyıcılar dəyişdirilir. Marşurutlara nəzarət mexanizminin gücləndirilməsi və qaydalara riayət etməyən daşıyıcıların fəaliyyətinin dayandırılması üçün  ölkəyə 300 yeni avtobus alınıb gətiriləcək. Bu  məqsədlə artıq vəsait ayrılıb.

BNA rəsmisi onu da əlavə etdi ki, bütün bu halların qarşısının alınmasının yeganə yolunu sərnişindaşıma fəaliyyətinin ayrı-ayrı sahibkarlıq subyeklərindən alınıb müvafiq dövlət qurumunun, BNA-nın fəaliyyətinin genişləndirilməsində görürük: “Fəaliyyəti  dövlət qurumu tərəfindən tənzimlənən  sərnişindaşımada biz digər marşrutlarda olan ənənəvi problemlərlə qarşılaşmırıq. Buna misal olaraq “BakuBus”MMC-ni göstərə bilərəm. Bu avtobusların fəaliyyəti digər marşrutlardan həm sürücülərin peşəkarlıq səviyyəsi, həm də avtobusların texniki vəziyyəti baxımından fərqlənir”.

“Xaliq Faiqoğlu” MMC-nin əməkdaşı Nizam Rzayev dedi ki, azı 5 il təcrübəsi olan, tibbi yoxlamadan keçmiş, qanunvericiliyə əsasən  sürücü işləməsinə məhdudiyyət yaradan məhkumluğu olmayan sürücüləri işə qəbul edirik. Və sənədləri şərtlərimizə uyğun gələn sürücülər BNA-nın təşkil etdiyi təlimdən mütləq keçirlər.