Suyun dağılması bərəkətin xəbərçisi - baharın gəlişidir


Baxıldı : 176

Tarix : 2016-02-19 04:14:00


Novruz bayramı xalqımızın tarixi adət-ənənələrini özündə əks etdirən, qədim dövrlərdən başlyaraq müasir zamanımızda da qeyd olunan milli bayramdır. Baharın gəlişi münasibətilə keçirilən bu el şənliyi yeni günün-oyanışın başlanğıcıdır. Novruzda zəngin süfrə mədəniyyətimiz nümayiş olunur, növbənöv şirniyyatlar bişirilir, süfrələr bəzədilir, insani keyfiyyətlər aşılanır-küsülülər barışır, insanlar arasında birlik, bərabərlik və mehribanlıq nümayiş olunur. Bayramdan dörd həftə öncə çərşənbələr- \ boz ayın çərşənbələri\ xüsusi təntənə ilə qeyd edilir. Çərşənbələr baharın gəlişini xarakterizə edir və hər birinin səciyyəvi xüsusiyyəti var. Bunlardan ilki Su çərşənbəsidir ki, bu da təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Su çərşənbəsinə el arasında \ Əzəl çərşənbə\ , \ Gözəl çərşənbə\ , \ Gül çərşənbə\ , \ Sular Novruzu\ da deyilir. Bu il Su çərşənbəsi fevralın 23-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur.Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. O gecə suyun süfrəyə dağılması bərəkətli bir ilin xəbərçisi kimi yozulur. Bayram süfrəsi şirniyyat, quru meyvələrlə bəzədilməlidir. Həmin axşam adətən mərci plov bişirilməlidir. Çünki su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Tonqalların qalanması, uşaqların papaqatma, şal sallama oyunları, qız-gəlinlərin su ilə fala baxması, qohum-əqrəbanın ziyarət olunması Su çərşənbəsini daha da maraqlı edir. Sərgilənən adət-ənənələr, görülən işlər baharın müjdəçisi, təbiətin oyanışının göstəricisidir. Su çərşənbəsi aydınlıq, saflıqla bağlı olduğundan, istər-istəməz, ruhumuza xüsusi təzəlik, təravətlilik gətirir, qəlbimiz aydınlıqla dolur, mənəviyyatımız saflaşır.Cavid SƏFƏROV