Suyun təmizliyinə kim cavabdehdir?


Baxıldı : 242

Tarix : 2017-12-15 21:50:22


Bakının təmiz içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində indiyədək görülmüş işlərə, hazırda da davam edən proqramlara baxmayaraq, paytaxt sakinləri arasında mənzillərə verilən suyun çirkli olması haqda şikayətləri hələ də eşitmək olar.

Paytaxtın yeni tikilən yaşayış komplekslərinin sakinləri ilə söhbətləşəndə belə məlum olur ki, suyun çirkli olması səbəbindən məişət avadanlıqları - paltaryuyan maşın, istilik sistemi, krantlar, hətta ütüyə qədər hər şey sıradan çıxır. Şikayət edən sakinlərə isə mənzil-tikinti kooperativləri tərəfindən daxili su anbarının vaxtlı-vaxtında yuyulduğunu göstərən akt göstərilir.

Bəs yeni binalarda suyun təmizliyinə görə kim məsuliyyət daşıyır?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov onlar tərəfindən ümumşəhər anbarlarının mütəmadi olaraq yoxlanıldığını bildirir.

Hazırkı nəticələrə görə, içməli suyun keyfiyyəti standartlar çərçivəsindədir.

Z. Kazımov deyir ki, çoxmərtəbəli yeni binalarda ehtiyat anbarların təmizliyi də onlar tərəfindən yoxlanıla bilər. Amma bunun üçün sahibkarların, yəni MTK rəhbərliyinin müraciəti lazımdır.

Yoxlamalar nəticəsində ehtiyat anbarın natəmizliyi səbəbindən suda infeksiya aşkar edilərsə, o zaman MTK sahibi qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.

Əhalini içməli su ilə təchiz edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, sözügedən qurumun əsas vəzifəsi suyun MTK-ların anbarlarına qədər çatdırılmasıdır.

A. Cəbrayıllı  vurğuladı ki,  yeni tikilən binaların çox hissəsində daxili su anbarlarının yuyulma qrafikinə əməl edilmir. İldə ən azı bir dəfə yuyulmalı olsa da, əksəriyyət anbarı təmizləməyərək sakinlərə çirkli su verir: "Azərsu ASC bütün yeni tikililərə bildiriş göndərib ki, anbarları yuyaraq əhalini təmiz su ilə təmin etsinlər. Bəzən bizə şikayətlər daxil olub və həmin ərazidə araşdırma aparıb anbardakı bulanıqlığı ölçmüşük. Məlum olub ki, girişdə gələn su təmizdir və anbardan çıxan su isə 3-4 dəfədən çox çirklənib. Hətta elə yeni tikililər var ki, 10 ildir anbarı yumurlar. Anbarda su azalanda və "Azərsu" suyu təzyiqlə verdikdə anbarın dibinə yığılan çöküntü və lil suya qarışaraq mənzillərə gedir".

Daxili su anbarının yuyulması üçün ən azı 1 sutka vaxt lazımdır. Bununla bağlı sakinlərə xəbərdarlıq olunmalıdır, anbardakı su boşaldılmalıdır, fəhlələr girib onun içərisindəki  çöküntünü təmizləməlidirlər. Sonra anbar təzyiqli su ilə yuyulmalı və xlorla dezinfeksiya olunmalıdır. Dezinfeksiyadan sonra da bir müddət gözləmək lazımdır ki, xlorun iyi uçsun.

Günel QULİYEVA