Təbliğ və qiymətləndirmə


Baxıldı : 307

Tarix : 2015-02-21 04:32:00


Daha erkən yaşlarından elm və intellektual yaradıcılıq sahələrinə diqqətin zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı azalır, onların hazırlıq səviyyəsi isə aşağı düşür. Nə üçün gənclər bu ixtisaslara maraq göstərmir? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, bu problemlərin əsasında mentalitetdən irəli gələn məsələlər dayanır. Bir çox valideynlər övladlarının həkim, hüquqşünas, bankir olmasını istəyir. Çalışırlar ki, uşaqları öz həmyaşıdlarından geri qalmayaraq prestijli ixtisas əldə etsinlər. Lakin qeyd etmək lazımdır ki, peşənin yaxşısı, pisi yoxdur. Mütəxəssisin pisi, yaxşısı var. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi yüksəlişinin əsasını dəqiq elmlər və bu sahədə çalışan savadlı işçilər təşkil edir. Digər məsələ isə ondan ibarətdir ki, bu ixtisaslar cəmiyyətdə lazımi səviyyədə təbliğ olunmur. Daha effektiv nəticələrə nail olmaq üçün bu işə orta məktəbdən başlanılmalıdır. Ali məktəblərə sənəd verən və yaxud peşə sahəsini seçən gənclər bilməlidirlər ki, hansı ixtisaslar var, onların mahiyyəti nədir. Sabah hansı sahədə işləyə bilər. Gələcək perspektivlər varmı və hansılardır. Həmçinin işləmək üçün stimul da olmalıdır. Əgər orada maaş aşağıdırsa, təbii ki, bu sahəyə maraq göstərən də az olacaq. Bundan başqa, fundamental elmlərin üstünlükləri, dünya ölkələrinin nanotexnologiyalar sahəsindəki qazandığı nailiyyətlər də izah olunmalıdır. Bu ixtisaslar ilk növbədə cəmiyyət tərəfindən qiymətləndirilməlidir. Təbliğ və qiymətləndirmə isə vacib şərtdir. A.MUSTAFAYEV