Təhlükəsizlik tədbirləri gücləndirilməlidir


Baxıldı : 339

Tarix : 2016-02-27 04:48:00


Paytaxt ərazisində tikinti işləri əvvəlki illərə nisbətən zəifləsə də, davam etməkdədir. Təhlükəsizlik qaydalarına tam əməl edilməməsi halları da əvvəlki kimi qalmaqdadır. Bu günlərdə Yasamal rayonu ərazisində, Parlament prospekti 9 ünvanında, tikinti aparılan 20 saylı məktəbin ərazisində qeydə alınan bədbəxt hadisə də bunu sübut edir. Səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşməsi nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə yaralanıb. Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, tikinti aparan hər bir şirkət həm öz işçilərinin, həm də tikinti ərazisinə yaxın yollardan istifadə edənlərin təhlükəsizliyini düşünməlidir: \ Əmək bazarının bədbəxt hadisə və qəzalar baş verən, xəsarət alanların daha çox olduğu sahəsi tikintidir. Bunun ilkin səbəbi tikinti ərazilərində lazımi təhlükəsizlik önləmlərinin olmamasıdır. Bəzən tikinti şirkətləri təhlükəsizlik üçün lazım olan avadanlıqları artıq xərc sayırlar və almaqdan imtina edirlər. Bununla yanaşı, nəzarət funksiyası da zəif olduqda obyektdə çalışan işçilərin və ərazidən keçən vətəndaşların həyatı üçün təhlükələrə yol açılır. Bütün hallarda tikintini həyata keçirən şirkət işçilərin və obyektin kənarından istifadə edən insanların təhlükəsizliyi baxımından məsuliyyət daşıyır. Tikinti işləri aparılan obyektlərdə məsul olan tikinti şirkətləri ilə yanaşı, nəzarət funksiyasını yerinə yetirən Dövlət Əmək Müfəttişliyi də yoxlamalar həyata keçirərək, təhlükəsizlik tədbirlərinin reallaşdırılmasına çalışmalıdır\ . Qeyd edək ki, 20 nömrəli məktəbin tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Həmin obyektin tikintisini həyata keçirən inşaat şirkətinə dövlət lisenziyası 29 dekabr 2014-cü il tarixindən verilib. Məktəbin təmiri üçün ilkin təməltökmə işlərinə isə ötən ilin dekabrın 1-də başlanılıb. Layihəsini \ Bakinşaat Group\ MMC-yə Bakı Dövlət Baş Layihə İnstitutunun təqdim etdiyi obyekt 2016-cı il dekabrın 1-də plana uyğun olaraq təhvil verilməlidir. Xalid AZƏR