Təhsil, ya təhqir?


Baxıldı : 338

Tarix : 2016-01-30 05:06:00


Son vaxtlar müəllimin şagirdi vurduğu və ya təhqir etdiyi görüntülərin şahidi oluruq. Növbəti belə hal ibtidai siniflərin birində baş verib. Ekspertlər qeyd edir ki, müəllimin aqressiv davranışı və kobud ifadələr işlətməsi şagirdin həm psixoloji vəziyyətini, həm də təhsilə marağını sual altında qoyur. Fiziki və mənəvi təhqirə məruz qalan şagird ibtidai sinifdədirsə, nəticə daha ağır ola bilər. Psixoloq Elnur Rüstəmov bildirdi ki, tədris prosesində fiziki zorakılıq yolverilməz haldır. Dövr dəyişib, 20 il əvvəlki kimi deyil. Müəllimlik həm pedaqoji, həm də psixoloji işdir. Məhz psixoloji tərəfi gücləndirmək lazımdır. Əlbəttə, uşaqlar da müxtəlif ailələrdən gəlir və ayrı-ayrı tərbiyəyə malikdilər. Müəllimləri əsəbiləşdirib özündən çıxara bilərlər, yəni məsələ biristiqamətli deyil. Orta məktəblərdə mütləq şəkildə psixoloji iş gücləndirilməlidir. Azərbaycanın bütün məktəblərində psixoloq ştatı var, sadəcə, işlək deyil və səlahiyyəti yoxdur. Onlar adətən əvəzləyici dərslərə girib jurnal yazırlar, amma psixoloji işdən tam bilgiləri olmadiqları üçün öz vəzifələrini həyata keçirə bilmirlər. Onlar müxtəlif təlimlərə və kurslara cəlb olunmalıdırlar.Ekspert Əjdər Ağayev bildirdi ki, \ müəllim - şagird\ münasibətində müəllimin borcu şagirdlərlə yüksək səviyyədə mədəni davranmaqdır. İstər dərsdə, istər dərsdən kənarda əməkdaşlıq etməkdir. Müəllim şagirdi öz övladı kimi sevməlidir, ehtiram bəsləməlidir. Ən əsası uşaqlarda gələcəyə və özunə inam hissi aşılamalıdır. Bu pedaqoji tələblər Təhsil Nazirliyinin \ Müəllimlərin Etik Davranış Qaydaları\ nda da qeyd olunub. Müəllimlər hərəkətləri və davranışları ilə şagirdlərə örnək olmalıdırlar.Ə.Ağayev təəssüflə qeyd etdi ki, müəllimlərin davranış qaydalarına riayət edə bilməməsi müxtəlif səbəblərdən irəli gəlir. Kimisi şagirdin adi intizamsızlığına belə dözümsüz olur. Bəziləri şəxsi həyatında olan problemləri məktəbə daşıyır və sair. Müəllim səbirli və təmkinli olmalıdır, şagirdlərlə davranışın formasını tapmalıdır. Bunun üçün xüsusi pedaqoji yanaşmalar var. Şagirdin ilk intizamsız hərəkətinə münasibət göstərilməlidir ki, sonra bu hərəkətlər davam etməsin. Bu münasibət tənbeh, danlama, şagirdin yerinin dəyişməsi ola bilər. Belə olduqda şagird yoldaşlarının qınaq obyektinə çevrilər və öz səhvini dərk edər. Ekspert vurğuladı ki, müəllimlərin şagirdlərə qarşı kobud davranışına da ciddi münasibət göstərilməlidir. Loyal, birtərəfli və güzəştli münasibət müəllim kobudluğunun daha geniş miqyasda yayılmasına yol açar. Ə.Ağayev onu da qeyd etdi ki, əksər hallarda müəllim-şagird münasibətlərində anormallıq daxili intizam zəif olan məktəblərdə baş verir.Günel RAFAYILQIZI