Türkmənistan da güzəştlərdən imtina etdi


Baxıldı : 420

Tarix : 2015-03-14 03:00:00


Qlobal böhran və neftin qiymətinin aşağı düşməsi neft hasilatçısı olan əsas ölkələrdən biri Türkmənistana da ciddi təsir edib. Rəsmi Aşqabad artıq kommunal xidmət haqlarının dövlət dotasiyaları hesabına ödənilməsindən imtina edir. Artıq dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov qaz, işıq, su və məişət tullantılarının daşınması xərclərinin əhalinin öz hesabına ödənilməsi üçün Nazirlər Kabinetinə tapşırıq verib. Hökumətə yaxın müddətdə bütün mənzillərin sayğaclarla təmin edilməsi, elektrik enerjisi və qaz istehlakı üzrə ölçmə qurğularının tətbiq olunması tapşırığı verilib. Çin və Türkiyə şirkətləri ilə sayğacların alınması və quraşdırılması, kommunal sektorun idarə olunması barədə danışıqlar aparılır. Xatırladaq ki, Türkmənistanda əhaliyə su, qaz və işıq 1991-ci ildən bəri pulsuz verilir. Hesablamalara görə, hər il dövlət sosial güzəştlər və yardım dotasiyası nəticəsində 3 milyard dollar vəsait itirir. 5 milyonluq türkmən xalqı üçün bu vəsait ildə təxminən adambaşına 600 dollar vəsait deməkdir. Bu, pensiya alan türkmən vətəndaşlarının 2 illik məvacibi deməkdir. Yəni dövlət həmin vəsait hesabına pensiyaçıları 2 il təmin edə bilər. Son aylarda neftin və qazın ucuzlaşması dövlət büdcəsi gəlirlərinin azalmasına səbəb olub və Türkmənistan hökuməti qənaət rejiminə keçib. Artıq 2015-ci ilin yanvar ayından A-95 benzinin bir litrinin qiyməti 0, 14 dollardan 0,22 dollara qaldırılıb.ELBRUS