Təyinatı üzrə istifadə etməyən 3 il həbs olunacaq


Baxıldı : 232

Tarix : 2015-10-02 06:52:00


Milli Məclis torpaqlardan təyinatı üzrə istifadə edilməməsinə görə cəzaları sərtləşdirən qanun layihəsini qəbul edib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan \ Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında\ layihədə torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsinə görə cərimə, sanksiya və məsuliyyətin hədləri müəyyənləşib. Belə ki, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə ediləcək.Bununla yanaşı, kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə etməyənlərlə bağlı inzibati cəzaların hədləri də məlum olub. Yeni qaydalara əsasən, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Xatırladaq ki, Prezident İlham Əliyev \ Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\ nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verib.ELBRUS