Tam orta m...


Baxıldı : 342

Tarix : 2016-03-17 11:29:00


Tam orta məktəbdə müəllim işləyirəm. 65 yaşa görə əmək müqaviləsinə xitam verilmişdir. Lakin 1 illik, yəni 2015-ci ilin sentyabrın 15-dən 2016-cı ilin iyunun 14-nə kimi əmək müqaviləsi bağlamışam.Bilmək istəyirəm ki, birillik əmək müqaviləsi üçün mənə məzuniyyət pulu düşür, ya yox?Nəcəf ƏHMƏDOV,Mingəçevir şəhəri.-Əmək qanunvericiliyinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər (Əmək Məcəlləsi, 110-cu maddənin 1-ci hissəsi).Həmin Məcəllənin 143-cü maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq iş ilinin məzuniyyətindən istifadə etməmiş işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyət verilir və işdən çıxarma tarixi məzuniyyətin son günü hesab edilir.Eyni zamanda həmin Məcəllənin 131.5-ci maddəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə, işə gəldikləri vaxtdan asılı olmayaraq, əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.Təhsil Nazirliyi ilə TİAHİ Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişin 3.1.15-ci maddəsinə əsasən, müvafiq iş ilinin məzuniyyətindən istifadə etməmiş işçinin əmək müqaviləsinə istənilən səbəbdən xitam verilərkən işçinin arzusu ilə həmin iş ili üçün ona məzuniyyətin verilməsinin və işçinin əmək müqaviləsinə məzuniyyətin son günü xitam verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.Yuxarıda qeyd olunanlara əsasən, əmək müqavilənizin müddəti iyunun 14-də qurtarsa da, 2016-cı ilin əmək məzuniyyətindən istifadə edə biləcəksiniz və işlədiyiniz müddət üçün Sizə məzuniyyət pulu hesablanacaqdır. Məzuniyyətdən qayıtdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi məsələsi həll ediləcəkdir.Sualların birini cavablandırarkən qeyd edilmişdir ki, notarius fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə almaq lazımdır. Xahiş edirəm, bunun prosedur qaydalarını izah edəsiniz.Sənəm MEHDİYEVA,Sumqayıt şəhəri.-İstər dövlət notariusu, istərsə də xüsusi notarius kimi peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə alınmalıdır. Belə şəhadətnaməni almaq istəyən şəxs ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etməlidir. Ərizə verən şəxs dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istədiyini bildirməlidir.Müraciətdən bir ay müddətində ərizə verən şəxsin notarius fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün qanunvericilik tərəfindən müəyyən edilmiş tələblərə uyğun olub-olmaması araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq, yəni ərizə verən şəxsin bütün göstəriciləri notarius fəaliyyəti ilə məşğul olmağa imkan verirsə, toplanmış sənədlər Ədliyyə Nazirliyi tərəfindən yaradılmış ixtisas komissiyasına təqdim edilir.Bütün bunlar haqqında ərizə verən şəxsə yazılı qaydada məlumat verilməlidir.İxtisas komissiyasında şəhadətnamə almaq üçün ərizə verən şəxsin bilik səviyyəsi yoxlanılır. Bu, imtahan və müsahibə vasitəsilə aparılır. Müvəffəqiyyət qazananlar Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsində (Ədliyyə Nazirliyinin Akademiyası) icbari təlimə cəlb olunurlar. İcbari təlimi müvəffəqiyyətlə bitirənlərə şəhadətnamə verilməsi üçün ixtisas komissiyasının qərarı olmalıdır. Şəhadətnamənin verilməsi haqqında qərar çıxarıldıqdan sonra vətəndaş şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödəyir. Rüsumu ödəmək haqqında sənəd təqdim edildikdən 10 gün müddətində Ədliyyə Nazirliyi tərəfindən həmin şəxslərə 5 il müddətində notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.Qeyd edək ki, bəzi şəxslər icbari təlimdən azad edilir və şəhadətnamə almaq üçün yalnız notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçirlər. Bunlar Ədliyyə Nazirliyinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumlarda və notariat kontorlarında məsləhətçi və ondan yuxarı vəzifələrdə çalışanlardır. Lakin həmin şəxslərin qeyd edilən vəzifələrdə çalışmaları 2 ildən az olmamalıdır. Peşə hazırlığına dair müsahibədən keçən şəxslərə də şəhadətnamələr yuxarıda qeyd etdiyimiz qaydada verilir.