TANAP - Türkiyə və Azərbaycanın növbəti zəfəri


Baxıldı : 24

Tarix : 2018-06-13 23:30:33


İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, Bolqarıstanın baş naziri Boyko Borisov, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edib.

Tədbirdə Türkiyənin enerji naziri Berat Albayrak giriş nitqi ilə çıxış edib, TANAP layihəsinin əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Türkiyədə yenidən olmağından məmnunluğunu bildirən dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik: “Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həma ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”.

İlham Əliyev deyib ki, bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP tarixi layihədir. Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Dövlətimizin başçısı həyata keçirilən layihələr barəsində də danışıb. O bildirib ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır: “Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq, əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.

Prezident İlham Əliyev deyib ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir: “Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün, qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.

Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı bildirib ki, Xəzər dənizindəki qaynaqların uyğun yollarla Türkiyə və Avropaya daşınması iqtisadi inkişafa və təhlükəsizliyə töhfə verəcək.

Serbiya Prezidenti Aleksandr Vuçic bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atıldığını deyib: “Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir. Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir”.

Ukrayna Prezidenti Petro Poroşenko bildirib ki, bu layihə yaxın dostum, Azərbaycan Prezidenti İlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib. TANAP Ukraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir. Biz Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, bu layihələrlə enerjinin müharibə deyil, işbirliyi üçün əsas yaratdığını göstərdik. Türkiyə, Azərbaycan və Gürcüstan işbirliyi ilk dəfə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə ortaya çıxıb: “Strateji yol dostluğumuz Bakı-Tbilisi-Ərzurum qaz boru xətti ilə davam etdi. Nəqliyyat sahəsində Baklı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını da etdik. Londondan Çinə birbaşa dəmiryolu xəttinin qurulmasına yol açdıq”.

TANAP gələcək illərdə icra ediləcək layihələrinin müjdəçisidir: “Uzunluğu 1850 km. olan TANAP Türkiyə, Orta Şərq və Avropanın ən uzun təbii qaz xəttidir. Bu layihənin ilkin həcmi illik 16 milyard kubmetrdir. Bunun 6 milyard kubmetri Türkiyəyə gələcək. Yunanıstan sərhədinə ilk qazı isə 2019-cu ilin iyununda çatdırmağı düşünürük”.

Türkiyə Prezidenti bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər: “Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.

Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi oldu.

Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. TANAP layihəsi “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.