Tariflərin dəyişikliyinin əsasında təbii səbəblər dururdu


Baxıldı : 210

Tarix : 2016-12-10 07:59:59


"Təbii qaz və elektrik enerjisi tarifləri dəyişdirilərkən həm əhalinin, həm də istehsalçıların maraqları nəzərə alınıb". Bu sözləri mətbuata açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O, Tarif Şurasının xüsusisilə qaz tariflərinə yenidən baxmasını təsadüfi saymır. Xatırladıb ki, əhali qrupundan olan istehlakçılar üçün təbii qaz tarifləri sonuncu dəfə  2009-cu ildə, digər qrup istehlakçılar üçün isə 2007-ci ildə nəzərdən keçirilib. O zaman tarif 1000 kubmetr qaz üçün 100 manat həcmində müəyyən olunmuşdu. Ötən dövr ərzində istehsalçılar tərəfindən xərclərdəki dəyişikliklər səbəbi ilə tariflərə yenidən baxılması üçün Tarif Şurasına dəfələrlə müraciət edilib. Bu müraciətlərin əsasında təbii səbəblər dururdu. Bəlkə də çoxları bilmir ki, bu gün SOCAR təbii qazı bir neçə mənbədən əldə edir və "Azəriqaz"ın yardımı ilə ölkə üzrə paylayır. Bura  SOCAR-ın neft və qazçıxarma müəssisələri tərəfindən istehsal edilən, habelə  "Azəri-Çıraq-Günəşli" və  "Şahdəniz"  yataqlarından  hasil   olunan təbii qaz daxildir. "Şahdəniz" yatağından çıxarılan qazın qiyməti müvafiq müqaviləyə əsasən, dollarla təyin olunur. Bundan başqa, maya dəyərinin formalaşmasına nəqliyyat xərcləri də təsir göstərir.

Aparılan təhlil nəticəsində müəyyən olunub ki, Azərbaycanda istehlak olunan təbii qazın 50 faizə yaxın istehsal dəyəri "Azərenerji"nin payına düşür. Bu isə elektrik enerjisi qiymətlərinin artmasını, təbii ki, qaçılmaz edə bilərdi. Ona görə də Tarif Şurası ilk növbədə "Azərenerji"yə satılan qazın tariflərini maksimal aşağı səviyyədə saxlamaq qərarını qəbul edib. Təkrar nəzərdən keçirilənədək bu tarif 1000 kubmetr üçün 80 manat səviyyəsində idi, bundan sonra isə 1000 kubmetr üçün 120 manat təyin edilib.

Tarif tənzimlənməsində əhalinin xərclərini də nəzərə almaq mühüm vəzifə kimi qarşıda durub. Bu, əsas prioritetlərdən biridir. Araşdırmalara  əsasən, əhalinin 62 faizi ildə 1500 kubmetrdən az qaz işlədir. Eyni zamanda əhalinin 72 faizi ayda 250 kilovat-saatdan çox elektrik enerjisi istehlak etmir. Ona görə Tarif Şurası həm əhalinin böyük hissəsinin, həm də istehsalçıların maraqlarını qorumaq üçün tarifləri istehlak həcminə uyğun olaraq diferensiallaşdırmağı qərara alıb. Digər üsullarla diferensiallaşdırma qaçılmaz xərclərə səbəb ola bilərdi.

Yeri gəlmişkən, istehlak səbətinə əsasən, Azərbaycanda adambaşına düşən qaz istehlakının orta aylıq həcmi 21 kubmetr təşkil edir. Nəzərə alsaq ki, ortalama azərbaycanlı ailəsi 4,7 nəfərdən ibarətdir,  o zaman illik hesablamada bir ailə üçün orta illik qaz istehlakının həcmi 1200 kubmetrə bərabər olur. Elektrik enerjisinin adambaşına düşən orta aylıq həcmi isə 50 kilovat-saat, ailə üçün isə 235 kilovat-saat təşkil edir. Eyni zamanda  qaz və elektrik enerjisinin qənaətlə istehlakı tarif artımının şamil olunmayacağı əhali kateqoriyasını genişləndirə bilər. Hesab edirəm ki, tariflərin diferensiallaşdırılması qaz və elektrik enerjisinin istehlakında israfçılığı azaldacaq.

V.Bayramov qeyd edib ki, Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə, sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Onu da qeyd edim ki, Azərbaycanda ilk dəfə diferensial tariflərin tətbiqinə başlanılması dünya təcrübəsində istifadə edilən metodlardan hesab olunur. Bütövlükdə dünya praktikasında qiymətlərin tənzimlənməsi zamanı müxtəlif növ diferensial metodlar önə çəkilir. Azərbaycanda tətbiq edilən indiki yanaşma isə daha çox sosial təbəqələrin qiymət artımlarından müdafiəsi məqsədi daşıdığı üçün sosial diferensiallaşma kimi qiymətləndirilir.