Tarix yazan Şanlı Ordumuzun zəfəri yaxındır


Baxıldı : 38

Tarix : 2020-10-17 13:48:05


 

Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətdə Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusunun layiqli cavabı xalqımızda fərəh və qürur hissləri doğurdu.
Müzəffər Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq, şanlı bayrağımız bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.
Azərbaycan düşmənə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməklə sübut etdi ki, bu gün heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz, bizə şərt qoya bilməz. Bütün dünya birliyi bilir və bilməlidir ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Biz haqq mübarizəsi aparır və öz torpaqlarımızın azad edilməsi uğrunda vuruşuruq. Ermənistan isə hərb qaydalarına əməl etmir, mülki əhalini atəşə tutur, ağır artilleriya və raketlərdən cəbhə boyu yaşayış məntəqlərinə hücumlar təşkil etməklə provakasiya yolu ilə üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyir.      
Bölgədə sülhün və sabitliyin təmin olunmasına daim öz töhfəsini verən Azərbaycan münaqişənin nizamlanması istiqamətində bundan sonra illərlə gözləmək niyyətində olmadığını açıq şəkildə ifadə etmişdir. 
Beynəlxalq təşkilatların diplomatiya yolu ilə edə bilmədiklərini bu gün Azərbaycanın müzəffər ordusu əks-hücumla, düşmənə sarsıdıcı zərbələr vurmaqla həyata keçirir.  Fərəhləndirici haldır ki, bu gün istər Ordumuzda, istərsə də cəmiyyətimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi mövcuddur. 
Qeyd ediləsi vacib məqamlardan biri də budur ki, Azərbaycanda bu gün mövcud olan dövlət-ordu-xalq birliyi zəfərimizin əldə olunmasında müstəsna əhəmiyyətə malikdir.    Bu gün bütün cəmiyyətimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, doğma torpaqlarımızı işğaldan azad etmək missiyasında öz üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hazırdırlar. İşğal altında olan torpaqlarımızın geri qaytarılması ilə bağlı dövlətimizin başçısının qətiyyətli və dönməz mövqeyi xalqımızda böyük inam yaratmış, ordumuzun şücaəti ilə zəfərimizin tezliklə əldə olunacağı artıq zərurətə çevrilmişdir.
Əminik ki, Qələbəmiz davamlı olacaq və xalqımız itirilən torpaqlarına  çox yaxında qovuşacaqdır. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Rəşad CABAROV,
BDU-nun HİK sədri, Azərbaycan tarixi 
(humanitar fakültələr üzrə) 
kafedrasının müəllimi