Tarixi Qələbənin 71-ci ildönümü


Baxıldı : 234

Tarix : 2016-05-06 05:14:00


Mayın 9-da Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71 illiyi tamam olur. Azərbaycanlı zabit və əsgərlər faşizm üzərində Qələbənin əldə olunmasında müstəsna və tarixi rol oynayıblar, ən ağır döyüşlərdən qəhrəman kimi çıxıblar. Odur ki, tarixi Qələbənin qazanılmasında ölkəmizin əvəzsiz xidmətləri danılmazdır. O vaxt Sovet İttifaqının tərkibində olan Azərbaycandan cəbhəyə 700 minə yaxın hərbçi yollandı. Hərbçilərimizin 300 mini döyüş meydanlarında həlak oldu. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, 30 nəfər \ Şöhrət\ ordeninin hər üç dərəcəsi ilə təltif edildi, 170 min əsgər və zabitimiz isə müxtəlif orden və medallarla mükafatlandırıldılar.Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər.Qeyd edək ki, Qələbənin qazanılmasında yalnız qəhrəman övladlarımız deyil, həm də Azərbaycan neftinin böyük rolu olub. Bakı neftinin Böyük Vətən müharibəsinin taleyini həll etməsi fikri elə müharibənin ilk illərində öz təsdiqini tapıb. Düz 5 il Bakı nefti ön və arxa cəbhəni yüksək keyfiyyətli yanacaqla təmin edib. Müharibə dövründə SSRİ-də ümumilikdə 110 milyon ton neft çıxarılıb. Bu neftin 75 milyon tonunu, cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycan verib. Ön cəbhədəki hər 4 tankdan 1-i, təyyarələrin böyük əksəriyyəti Azərbaycan nefti ilə hərəkət edib. O dövrdə yaradıcı ziyalıların, alimlərin də fəaliyyəti faşizm üzərində qələbəyə yönəlmişdi. Bu tarixi zəfərin qazanılmasında iştirak etmiş insanlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar. Hər il İkinci Dünya müharibəsində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır.