Teatr müəssisələrində həmkarlar ittifaqlarının rolu


Baxıldı : 25

Tarix : 2019-06-07 08:00:42


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) xidmətində olan teatr-tamaşa müəssisələrinin HİK sədrləri ilə “Həmkarlar ittifaqı fəaliyyətinin əsasları” mövzusunda  seminar-məşğələ keçirmişdir.

Tədbiri giriş sözü ilə açan Respublika Komitənin sədri Cəmilə Səttarova mədəniyyət və incəsənət xadimlərinin sosial problemlərinin həllində həmkarlar ittifaqlarının rolundan danışdı. Dedi ki, MİHİ beynəlxalq təşkilatların təcrübəsinə əsaslanaraq üzvlərinin hüquq və mənafelərinin müdafiəsi, təhlükəsiz əmək şəraiti,  gender bərabərliyi və gənclərlə iş istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirir: “Müvafiq regional mədəniyyət idarələri ilə bağlanmış ərazi sazişlərinin və yerlərdə imzalanmış kollektiv müqavilələrin yenilənməsinə və buradakı qaydaların tətbiq olunmasına daim nəzarət edilir”.

O qeyd etdi ki, Respublika Komitəsinin, eləcə də mədəniyyət və incəsənət sahəsinin əsas  qüvvəsini təşkil edən gənclərin sosial məsələlərinin həlli, savadlı gənc kadrların hazırlanması, onların cəmiyyətin aparıcı üzvlərinə çevrilməsi əsas vəzifələrimizdəndir. Respublika Komitəsinin sədri bütün sahələrlə yanaşı,  teatr və tamaşa müəssisələrində də  qadınların hüquqlarının qorunması, onlar üçün nümunəvi şəraitin yaradılması istiqamətində məqsədyönlü işlərin aparılmasının zəruriliyini vurğuladı: “ Dünya miqyasında qadınlar və kişilər arasında əməkhaqqı fərqi, BƏT-in bəyan etdiyi rəqəmə əsasən, 19 faizdir. Azərbaycanda  da bu mənfi nisbət mövcuddur. Bunun səbəbi isə ölkədə qadınların daha çox azmaaşlı sahələrdə işləməsi və bir çox hallarda  qanunlar və onlara verilən hüquqlar barədə lazımi dərəcədə məlumatlarının olmamasıdır. Məhz buna görə də həmkarlar ittifaqları işçilərin, xüsusilə qadınların ölkə qanunvericiliyi, o cümlədən gender aspektləri üzrə maarifləndirilməsinə öz fəaliyyətlərində xüsusi yer ayırır”.

C.Səttarova teatr-tamaşa müəssisələrində təhlükəsizliyin təminatı üçün tibbi xidmətin lazımi səviyyədə təşkil edilməsinin vacib olduğunu, bunun üçün  Respublika Komitəsi tərəfindən müvafiq addımların atılacağını bildirdi.

Daha sonra Respublika Komitəsinin əməkdaşlarının “Teatr-tamaşa müəssisələrində əməyin mühafizəsi işi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti”, “Gənclərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinin əsas vasitələri”, “Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin hüquqi əsasları”, “Həmkarlar ittifaqının sosial sığorta sistemində iştirakı” və “Həmkarlar ittifaqı təşkilatlarında maliyyə işinin aparılması” mövzularında çıxışları dinlənildi. Dinləyicilərin sualları cavablandırıldı və sorğu anketi paylandı.

Tədbir diskussiyalarla davam etdi.

Əsli ƏHMƏDOVA