Təbiətə qarşı qəddar münasibətin qarşısı alınacaq


Baxıldı : 116

Tarix : 2020-02-21 18:56:17


Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.

ETSN-in Geodeziya və Kartoqrafiya Müəssisəsinin direktoru Nazim İsmayılov bildirib ki, ilkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək: “Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb və İşçi Qrup tərəfindən şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirilir, hər rayon şərti kvartallara bölünür və nömrələnir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

Qeyd edək ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.

İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb.

“İstər paytaxtda, istərsə də regionlarda ağac kəsintisi faktları olur”.

Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, elektron və vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunmasında güclü nəzarət mexanizmi deməkdir və bu işdə müsbət bir başlanğıcdır.

Nazirlik rəsmisi qeyd edib ki, bəzən yaşı ötmüş və qurumuş ağaclar kəsilir, lakin yerinə yüzlərlə, minlərlə ağac əkilir:

“Paytaxtda və regionlarda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı iş aparılır. Hər il vətəndaşların iştirakı ilə ölkədə kütləvi ağacəkmə aksiyaları keçirilir, boş torpaqlarda yaşıllıqların artırılmasına və iqtisadiyyatın inkişafına töhfə verən meyvə bağları salınır. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınıb. İctimaiyyət nümayəndələri yaşıllıqların, ətraf mühitin qorunmasına biganə yanaşmır, bu məsələlərdə əsl vətəndaş mövqeyi nümayiş etdirir, ekoloji pozuntularla bağlı məlumatları dərhal nazirliyə çatdırır”.

ƏSLİ