Təbiətimizi gələcəyimiz üçün qorumalıyıq


Baxıldı : 264

Tarix : 2017-01-13 22:56:23


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu günlərdə verilən məlumatda bildirilir ki, ötənilki reydlərdə qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılıb, xeyli silah-sursat müsadirə olunub. Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və “Ağgöl" Milli Parkında qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriyanın 16 vətəndaşı saxlanılıb.

Ötən ilin son aylarında telekanalların birində 13 bəzgək quşunu vuran ovçunun təbiətin mühafizəsi işçiləri tərəfindən yaxalanması ilə bağlı süjeti izlədim. Yadınızda olar, ötən il 3 min ov quşunu Bakıya gətirən bir şəxs həbs olunmuşdu. Doğrusu, məndə belə bir hiss oyandı ki, təbiətimizə bu qədər amansızcasına yanaşanlara qarşı təbiətin mühafizəsinə baxan orqanların bu qədər operativ hərəkəti həqiqətən təqdirəlayiqdir.

Lakin gəlin hər bir şeyə öz açıqlığı ilə baxaq. Yəqin ki, hər gün yüzminlərlə insan Bakı-Qazax yolu istiqamətində hərəkət edir. Kürdəmir-Hacıqabul rayonları ərazisində yol kənarında gedən şıdırğı alveri hamı görüb. Burada dirəklərdən asılan başı kəsilmiş və əllərdə yellənən diri bəzgək, ördək, yaşılbaş sona, turac, qırqovul, çöl qazı və dovşanlar görəndə insanda qəribə bir hiss oyanır. Qırmızı kitaba düşən, təbiətin gözəlliyi olan bu quşlara qəddarcasına yanaşana ovçu deyək, ya necə adlandıraq, söz tapmaq mümkün deyil, bu adamlar hər şeyə qadirdilər. Bir də fikirləşirsən ki, yol kənarında ov quşlarını satanları məgər buna nəzarət edənlər, hüquq-mühafizə orqanları görmürlərmi? Təkcə söhbət açdığımız bu yol deyil, respublikamızın bütün istiqamətlərinə gedən yollarda vəziyyət belədir.

Hər birimizə bəllidir ki, ov etmək üçün xüsusi lisenziya almaq lazımdır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə müracət etdik. Bildirdilər ki, nazirliyin saytında lisenziyanın kimlərə verilməsi qaydalarını tapa bilərsiniz. Burada yalnız verilməsi qaydaları göstərilib. Lisenziyanın dəyərini öyrənə bilmədik. Bakı Şəhər Departamentindən də məlumat vermək istəmədilər. Ancaq mən gördüklərimi və şahidi olduğum bir məsələni qeyd etmək istərdim. Ölkəmizə ov etmək üçün gəlmək istəyənlər çoxdur. Xüsusilə varlı ərəb ölkələrindən. Şeyxlər adətən xüsusi təyyarələri və şahin quşları ilə gəlirlər. Xidmət personalı da öz yerində. Artıq onların Hacıqabul və Neftçala rayonlarında şəxsi villaları da var. Bu ərazidə bəzgək xüsusilə çox olur. Çünki bu çöllərdə onun qidalanması üçün bitki toxumları mövcuddur. Onun əti də insan üçün çox xeyirlidir və ona güc- qüvvət verir. Şeyxlər şahin quşları və tüfəngləri ilə gecə-gündüz bu quşları ovlayırlar. Yediklərini yeyirlər, qalanlarını isə soyuduculara doldurub ölkələrinə aparırlar. Söhbət təkcə quşlardan getmir. Bura çöl dovşanları və dırnaqlı heyvanlar da daxildir. Düzdür, onlar xeyli miqdarda pul verib qanuni lisenziya alırlar. Ancaq kimdir sayan ki, bu varlı ovçular nə qədər ov ediblər. Bir də ki, əsas pul deyil. Axı təbiətimizə bərpa olunmayan zərər vururlar. Ödənilən məbləğdən təbiətin bərpasına nə qədər vəsait cəlb olunur? Ən maraqlısı budur! Yüz il yeraltı sərvətimizi Nobel qardaşlarından tutmuş, Sovet hökumətinə qədər sovurub apardılar. İndi də bu xaricilər girişiblər yerüstü təbiət sərvətlərimizə. Bizim ovçular da bir o qədərdə insaflı deyillər. Yanında körpə balası olan ceyranı da vururlar. Bu günlərdə tanınmış bir alimimiz mətbuatda yaxşı bir fikir söyləmişdi: "Bunların bizə xeyri lazım deyil, ziyanlarını istəmirik".

 Əhəd İBADOV