Təbii fəlakətlərə qarşı birgə mübarizə


Baxıldı : 41

Tarix : 2017-10-07 00:35:53


Türkiyənin Antalya şəhərində sentyabrın 19-24-də MDB Meşə İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının  seminar-müşavirəsi keçirilmişdir.

Tədbirdə Türkiyə Respublikasının "Öz Orman-İş" Sendikasının dəvəti ilə Azərbaycan Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev də iştirak etmişdir.

Seminar-müşavirə meşə yanğınlarının qarşısının alınmasına həsr olunmuşdur.

İlk olaraq "Öz Orman-İş" Sendikasının sədri Settar Aslan "Meşə yanğınının məlum mövsümü yoxdur" və MDB Meşə İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının sədri Viktor Karnyuşin "Meşə yanğınları baş verən sərhəd ölkələrin birliyi" mövzularında məruzə etdilər.

Telman Quliyev çıxışında bildirdi ki, 2012-ci ildən Türkiyə Respublikası "Öz Orman-İş" sendikası ilə dostluq əlaqəsi yaratmış, Bakı şəhərində ikitərəfli anlaşma imzalamışıq. Bu anlaşmanın şərtlərinə görə biri-birimizlə sıx informasiya əlaqələri qurmuşuq. Bildiyiniz kimi, bu ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Meşə İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının İcraiyyə Komitəsinin Bakı şəhərində keçirilən yığıncağında Türkiyə Respublikası "Öz Orman-İş" Sendikası da iştirak etdi.

Bu anlaşmanın nəticəsidir ki, bu gün biz Türkiyənin Antaliya şəhərində bir araya gəldik. Müstəqil  Dövlətlər  Birliyini  təmsil edən respublikaların nümayəndələri olaraq  türkiyəli dostlarımızla birlikdə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin yaradılması, möhkəmləndirilməsi sahəsində bir stimul yaradacaq. Meşə yanğınları indi çox böyük bir bəlaya çevrilmişdir. Bizdə də bir neçə yerdə lokal şəkildə yanğınlar baş vermişdi və təbii ki, onun qarşısı tez bir zamanda alındı. Qonşu ölkələrin həmkarlar ittifaqları ilə, baş verən təbii ekoloji hadisələrlə bağlı, müzakirələr aparır, bunların qarşısının alınması yollarını araşdırırıq.

Belarus, Rusiya Federasiyası, Moskva şəhəri, Ukrayna, Qazaxıstan respublikaları sahə həmkarlar ittifaqlarının sədrləri seminar-müşavirədə çıxış edərək ölkələrində meşə yanğınları ilə aparılan mübarizədən, təbii fəlakətlərin aradan qaldırılmasından söhbət açdılar.

Seminar iştirakçıları Antalya meşə yanğın bölməsinin, həmçinin meşələrin müasir texnologiyalar əsasında mühafizəsi stansiyasının işi ilə də tanış oldular.