Təcrübə artdıqca uğurlar da çoxalır


Baxıldı : 133

Tarix : 2017-02-25 00:34:03


"5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin Həmkarlar İttifaqı Komitəsi iki ilə yaxındır ki, təsis olunub. Əlbəttə, bu qısa müddətdə hansısa böyük uğurlardan danışmaq hələ tezdir. Amma komitə üzərinə düşən vəzifələri nizamnamə çərçivəsində həyata keçirmək üçün fəaliyyətə başladığı ilk günlərdən səylə çalışmışdır. Təcrübə artdıqca uğurlar da çoxalmışdır. Təbii ki, bu işdə xidmətində olduğu Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin metodiki, təşkilati dəstəyi də əvəzsiz rol oynamışdır.

Nailiyyətlər təşkilatın bir neçə gün əvvəl keçirilmiş hesabat-seçki yığıncağına məruzədə və çıxışlarda da qeyd edildi. Deyildi ki, hesabat ilində MMC-nin bazasında irimiqyaslı tikinti və yenidənqurma işləri aparılmışdır. Bu işlərin yerinə yetirilməsi zamanı ortaya çıxan sosial-məişət problemləri cəmiyyətin rəhbərliyi ilə əməkdaşlıq şəraitində aradan qaldırılmışdır. İşçilərin əmək hüquqlarına qanun daxilində yanaşılması, əməkhaqlarının vaxtında ödənilməsi, məzuniyyət cədvəli və sair məsələlər nəzarətdə saxlanılmışdır. Yığıncaq sonda açıq səsvermə yolu ilə komitənin tərkibini formalaşdırdı. MMC-nin texniki şöbəsinin rəisi Tapdıq Nürəddinov komitənin sədri seçildi.

Tədbirdə sahə Hİ Respublika Komitəsi təşkilat şöbəsinin müdiri Samir Böyükzadə, baş texniki əmək müfəttişi Hüseyn Cəfərov və MMC-nin direktor müavini İsmayıl Sadıqov iştirak ediblər.