Təcrübə mübadiləsi apardılar


Baxıldı : 46

Tarix : 2017-11-04 04:49:10


Azərbaycan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar.

Nümayəndə heyətimiz Türkiyə Respublikasının Çalışma ve Sosyal Güvenlik Bakanlığında müstəşar cənab Ahmet Erdem və Xarici İşlər İdarəsinin rəhbəri cənab Oğuz Tuncay, həmçinin Türkiye İş Kurumu Genel Müdürlüğünün rəhbəri cənab Cafer Uzunkaya, Sosyal Güvenlik Kurumu Başkanlığının rəhbəri dr.Mühiddin Şahin və digər yüksək rütbəli rəsmilərlə işgüzar görüşlər keçirib.

Görüşlərdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə hər iki ölkədə aparılan işlərlə bağlı qarşılıqlı məlumatlar verilib. Komissiyaya üzv qurumların nümayəndələri Türkiyədə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, tibbi sığorta sistemi, işsizlikdən sığorta, istehsalda bədbəxt hadisələrdən sığorta, pensiya sistemi, formal iqtisadiyyatın həyata keçirilməsi üçün xüsusi təşviq proqramları barədə, qeyri-rəsmi məşğulluqla mübarizə istiqamətində mövcud olan fəaliyyət mexanizmlərini və bu sahələrdə ölkənin mövcud iş təcrübəsini öyrəniblər. Üç gün davam edən səfər çərçivəsində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində həyata keçirilən tədbirlərə və əldə olunan nəticələrə dair geniş təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin baş mütəxəssisi Arif İbrahimov da olub.

 

Bəyalı RZAYEV