Təcrübə mübadiləsi aparıldı


Baxıldı : 121

Tarix : 2019-11-29 18:54:08


Türkiyənin MEMUR-SEN Konfederasiyasının sədr müavini, Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu və bu qurumun təşkilatçılıq üzrə sədr müavini Levent Tosun respublikamızda səfərdədir. Səfər Fövqəladə Hallar Nazirliyi İşçiləri  Həmkarlar İttifaqının dəvəti ilə reallaşıb.

Əvvəlcə, qonaqlar noyabrın 27-də İttifaqın sədri Mehman İsmayılovla birlikdə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və  Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər. Məzarlar üzərinə tər güllər qoymaqla Ulu Öndərin və şəhidlərin ruhuna öz ehtiramlarını göstəriblər.

Sonra qonaqlar Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə ilə görüşüblər.

Nazir müavini fövqəladə hallarla mübarizə sahəsində mövcud əməkdaşlığın əhəmiyyətindən söhbət açıb. O, yüksək səviyyəli Azərbaycan-Türkiyə münasibətləri fonunda iki ölkənin müvafiq həmkarlar ittifaqı təşkilatı arasında olan əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Bayındır Memur-Sen Həmkarlar Təşkilatının sədri Soner Can Tufanoğlu dəvətə və onlara göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun hər zaman tarixin sınaqlarından üzüağ çıxdığını qeyd edib və bu münasibətlərin daim inkişaf edəcəyini söyləyib.

Soner Can Tufanoğlu 2011-ci ilin oktyabrın 23-də  Van şəhərində baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə ilk hümanitar və xilasetmə yardımı edən ölkənin qardaş Azərbaycan olduğunu xüsusi qeyd edib.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqında olublar. Burada ittifaqın sədri Mehman İsmayılovla görüşüblər.

M.İsmayılov qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.

Soner Can Tufanoğlu hər iki təşkilat arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinə və təcrübə mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Səfər müddətində qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində, Akademiyada, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində və Xüsusi Riskli Xilasetmə Xidmətində olub, bir sıra görüşlər keçirib, qurumların fəaliyyəti və yaradılan şəraitlə yaxından tanış olublar.

Səfər noyabrın 29-da başa çatıb.