Baxış müsabiqənin qalibləri mükafatlandırılıblar


Baxıldı : 121

Tarix : 2019-12-27 16:57:44


Dekabrın 27-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin     “Bakı şəhəri üzrə ən yaxşı Uşaq Musiqi (İncəsənət) Məktəbinin Həmkarlar İttifaqı Komitəsi” baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Cəmilə Səttarova  2019-cu ildə ölkədə mədəniyyət sahəsində aparılan islahatlardan, nailiyyətlərdən danışdı. Dedi ki, dövlətimizin mədəniyyət sahəsinə yetirdiyi diqqət və qayğı danılmazdır. Ölkə Prezidentinin mədəniyyət işçiləri ilə görüşü, onların problemlərini bilavasitə özlərindən  eşitməsi, əməkhaqlarının artırılması buna bariz nümunədir. Sevindirici haldır ki,  mədəniyyət ocaqlarımızda mərhələli şəkildə təmir-bərpa işləri aparılır. Sahə müəssisələrində işçilərin rahatlığı və sağlamlığı nəzərə alınaraq  lazımi şərait yaradılır.

C. Səttarova başa çatmaqda olan ildə yadda qalan uğurları da nəzərə çatdırdı. Bildirdi ki,  AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin yenidən PARŞ-ın  vitse-prezidenti seçilməsi Azərbaycanda həmkarlar itttifaqları təşkilatının gücündən, dünyada nüfuzundan xəbər verir.

Dedi ki, Respublika Komitəsi tərəfindən təşkilatlar arasında həmkarlar ittifaqına üzvlüyə motivasiyanın yüksəldilməsi, təşkilatlarda işin canlandırılması, istedadlı işçilərin yaradıcı potensialının üzə çıxarılması və maraqlarının müdafiəsi istiqamətində müntəzəm olaraq  silsilə seminarlar, baxış-müsabiqələr keçirilir.

Cəmilə xanım tədbir iştirakçılarının nəzərinə bəzi iradlarını da çatdırdı. Dedi ki, bir çox üzv təşkilatlarda müdiriyyət maddi yardımların ədalətlə bölünməsinə imkan vermir. Təbii ki, belə hallarda biz öz sözümüzü deyir, ədaləti bərpa edirik.

Daha sonra müsabiqənin qaliblərinə diplom və  pul mükafatı təqdim edildi. Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin Həmkarlar İttifaqı Komitəsi I, 10 saylı Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsi II, L. və M. Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsi III yerlərə layiq görüldü.   Yasamal Rayon Heydər Əliyev Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar kollektivin əməkdaşları Fəxri fərmanla təltif olundular.

Ə.ƏHMƏDOVA