Tədris ili təcrübəli həmkarlar ittifaqı kadrlarının təlimi ilə başladı


Baxıldı : 36

Tarix : 2017-09-23 01:18:51


Sentyabrın 11-dən həmkarlar ittifaqı komitələrinin təcrübəli sədrləri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 10 günlük kurs fəaliyyətə başlayıb. Kursda dövlət idarələri, dəmiryolçular, sahibkarlıq, mədəniyyət, "Kənd-Qida-İş", "Azərsu" həmkarlar ittifaqlarının nümayəndələri təmsil olunub.

Kursa cəlb olunmuş həmkarlar ittifaqı sədrlərinin təcrübəsini nəzərə alaraq "Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqının sosial institut kimi rolu" adlı modul təlim proqramı hazırlanmışdır. Həmkarlar ittifaqı işinin bütün bölmələrini əhatə edən  bu proqramda təhsilin aktiv metodlarına, kiçik qruplarda isə problemli vəziyyətlərin və testlərin təhlilinə geniş yer verilib.

Azərbaycan qanunvericiliyində olan dəyişiklikləri nəzərə alaraq proqrama aşağıdakı mövzular daxil edilib: "Əmək Məcəlləsi", "Vergilər Məcəlləsi", "Pensiya təminatı: mövcud vəziyyət və perspektivlər", "Əməyin mühafizəsi sahəsində qanunvericilik və başqa hüquqi aktlar".

Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası, işəgötürən və həmkarlar ittifaqının danışıqlar prosesinə yanaşmaları, həmkarlar ittifaqı üzvlük bazasının güclənməsi, həmkarlar ittifaqına gənclərin cəlb olunması və s. məsələlər ətrafında diskussiyaların keçirilməsi planlaşdırılıb.

Kurs dinləyiciləri Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin tövsiyəsi ilə "Azintelekom" həmkarlar ittifaqı təşkilatında praktik məşğələ keçdilər. HİK sədri Yeganə Mustafayeva "Azintelekom"un fəaliyyəti haqqında hazırladığı məlumatları dinləyicilərə təqdim etdi. Praktik məşğələ sual - cavabla yekunlaşdı.

Bəyalı RZAYEV