Tədris ilinin artırılmasına ehtiyac varmı?


Baxıldı : 141

Tarix : 2017-05-27 00:20:57


 

Ölkə məktəblərində sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir tələblər səviyyəsinə çatdırılması əsas məqsədlərdən biri olsa da, bu sahədə hələ də müəyyən çatışmazlıqlar qalmaqdadır. Bu çatışmazlıqları aradan qaldırmaq məqsədilə dərs ilinin uzadılması təklif olunur. Növbəti 2017-2018-ci tədris ilində dərslərin ayın neçəsində başlayıb neçəsində yekunlaşacağı insanları düşündürür və artıq bununla bağlı müzakirələr başlayıb.

 Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov verdiyi son açıqlamada dərs ilinin bir qədər də uzadılması haqda müzakirələrin aparıldığını bildirib və bunu ölkədə təhsil müddətinin  inkişaf etmiş ölkələrin dərs həftələrinə uyğunlaşdırılması ilə əlaqələndirib.

Təhsil müddətinin 2-3 həftə artırlması nə ilə əlaqədardır? Təhsil həftəsinin müddəti  dünya standartlarına uyğunlaşmalıdırmı? Bu, şagirdlərin dərs yükünə necə təsir edəcək?

"Təhsil xidmətləri" Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov qəzetimizə müsahibəsində dedi ki, ölkə məktəblərində uzun müddət dərslər sentyabrın 1-də başlayıb və bu tendensiya insanlarda psixoloji cəhətdən rahatlıq yaratmışdı. Bir çox mütəxəssislər və dövlət qurumları hesab edirlər ki, dərs həftələrinin sayını artırmaq məqsədilə yenidən məktəblər sentyabrın 1-i açılmalıdır: " Mən də hesab edirəm ki, dərslər və tədris ili bu tarixdən başlamalıdır, lakin may ayının sonunda bitməlidir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində bu, vacibdir. Təhsil sahəsində zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar.

 Reallığı deyək ki, qeyri-rəsmi formada onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər.

Azərbaycanda iyun ayında  məktəblilər üçün hava şəraiti də əlverişsiz olur. Məsələn, Neftçala, Salyan, Kürdəmir, Ucar rayonlarında istilik yayda 40 dərəcədən artıq olur. Şagirdlər iyun ayından etibarən istirahətə getməlidir, isti sinif otaqlarına yox. Avropada isə orta temperatur 18-20 dərəcədən artıq deyil və onlardan fərqli olaraq  bizim məktəblərdə kondisioner və soyutma sistemləri quraşdırılmayıb, şagirdlərin, tələbələrin rahat gedib-gəlməsi üçün nəqliyyat sistemi, hələ ki, yoxdur.

K.Əsədov qeyd etdi ki, Avropa və Amerikada ümumi tədris ili 36 həftədir. Lakin bütün müddəti aktiv dərs həftələrinə aid etmək olmaz: "Məsələn, İngiltərədə Pasxa bayramında məktəblilərə 19 gün tətil verilir. Hesab edirəm ki, bizdə şagirdlərə  az istirahət verilir. Biz bu tətili tədris ili arasında versək, bu daha effektli olar. Şagirdlər məktəbə 2 ay fasiləsiz gedəndən sonra onlara 10 gün istirahət vermək lazımdır ki, yorğunluq, psixoloji gərginlik aradan qalxsın".

Ölkədə təhsil müddətinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimləndiyini bildirən  Təhsil Nazirliyinin  Təhsilin İnkişafı Proqramları Şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, artırılan tədris həftələrində hansı işlərin görüldüyü ayrı-ayrı məktəblərin, müəllimlərin davranışı ilə bağlıdır: "Bir çox məktəblərdə bu müddətdə müxtəlif ölçmə, qiymətləndirmə işləri aparılır. Bunun faydasını dərhal yox, uzun müddətə görəcəyik. Ona görə də təhsil müddətinin azaldılmasından çox, artırılmasının təhsilə daha böyük faydası var".

Əsli ƏHMƏDOVA