Tədris proqramları bütün istiqamətləri əhatə etdi


Baxıldı : 120

Tarix : 2019-12-27 17:01:56


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında dekabrın 18-nə qədər davam edən ixtisasartırma kurslarında həmkarlar ittifaqı təşkilatlarının modernləşməsində, orqanayzinq və üzvlüyün motivasiyasında, onun imicinin artırılmasında informasiyanın rolu məsələləri tədris olunmuşdur. Həmçinin təqdimat bacarığı öyrədilmişdir. Kurslarda 45 nəfər dinləyici iştirak etmişdir.

Ümumilikdə il ərzində 30 kurs keçirilmişdir. Bu kurslara 835 nəfər həmkarlar ittifaqı lideri və fəalı cəlb olunmuşdur. Bu da nəzərdə tutulduğundan xeyli çoxdur. 2019-cu ildə ilk dəfə olaraq məşqçi-müəllimlərin hazırlığı üzrə kurslar təşkil edilmişdir.

Dinləyicilərdən 468 nəfəri HİK sədri, 374 nəfəri HİK fəalı olmuşdur. Fəallardan 94 nəfəri tələbə və işçi gənclərdir. Onlar “Gənclərin həmkarlar ittifaqı üzvlüyünün motivasiyası”, “Sosial tərəfdaşlıq gənclər siyasətinin effektiv reallaşdırması üçün əsas kimi”, “Həmkarlar ittifaqı həyatının demokratikləşdirilməsi və həmkarlar ittifaqı üzvlərinin həmkarlar ittifaqı təşkilatının işinə cəlb edilməsi”, “Həmkarlar ittifaqlarında kadr ehtiyatının formalaşma problemləri, hazırlıqlar və effektiv istifadəsi”, “Həmkarlar ittifaqı təşkilatının idarəetməsi: texnologiya və səmərəliliyi”, “Həmkarlar ittifaqlarında effektiv liderlik” mövzularında məruzələr dinləmişlər.

Gənclər həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın artırılması, məşğulluq, gənc ailələrin mənzillə təminatı və sair istiqamətlərdə təkliflər irəli sürdülər. Həmkarlar ittifaqı təşkilatlarının təcrübələri ilə tanış oldular.

Təlimlərdə nazirliklərin, dövlət komitələrinin, başqa qurumların mütəxəssisləri və AHİK-in sahə Hİ respublika komitələrinin əməkdaşları mühazirələr oxudular.

Məlum olduğu kimi, həmkarlar ittifaqı lideri və ya fəalı müəyyən məqamlarda problemlərlə rastlaşırlar. Ona görə də tədris prosesinin səmərəliliyini artırmaq üçün psixoloqlar da dəvət edilmişdi. Üstəlik, bəzi təlim kurslarına aşağıdakı mövzular daxil edilmişdi: “Münaqişəli vəziyyətlərdə davranışın strategiya və taktikası. Ünsiyyətli bacarıqlar”, “Natiqlik bacarığı və bacarıqauditoriya qarşısında çıxış etmək”, “Vaxtı idarəetmə anlayışı və strateji planlaşdırması”, “Vaxtın planlaşdırılmasının psixoloji alətləri”, “Danışıqlar -işgüzar ünsiyyətin növü kimi”, “Danışıqların keçirilməsi. Danışıq prosesində manipulyasiyalar”, “Komandada iş. “Komanda” anlayışı”, “İmic psixoloji kateqoriya kimi müsbət imicin psixologiyası”, “Etik davranış”, “Stressin idarə olunması və həyəcanın aradan qaldırılması” və s.

Kursların bütün dinləyiciləri Akademiyanın fəaliyyəti, tədris prosesinin təşkili, struktur bölmələri ilə tanış oldular. Sonda dinləyicilərə tədris proqramının diskləri verildi.