Tədrisin vaxtında dayandırılması böyük itkilərin qarşısını almaq istiqamətində ən doğru addım idi


Baxıldı : 196

Tarix : 2020-04-30 05:43:02


Dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası bəzi sahələrələ yanaşı, təhsil sisteminə də öz mənfi təsirini göstərdi. Ölkəmizdə mart ayının 3-dən etibarən bağça, orta və ali məktəblərdə tədris dayandırıldı. Və bundan sonra distant təhsilə keçid edildi. Ancaq dərslər onlayn qaydada keçirilsə də, hər kəs bundan yararlana bilmir. Bəzi ucqar kəndlər var ki, oradakı ailələrin bu cür dərslərə qoşulmaq üçün kompüter və ya internet bağlantısı yoxdur. Bununla da onlayn tədrisin hər kəs üçün əlçatanlılığının mümkün olmamasını görmək mümkündür. Digər tərəfdən də nəzərə alsaq ki, artıq dərs müddətinin bitməsinə 2 aydan da az müddət qalıb. Bu halda sual yaranır: karantin müddəti bitdikdən sonra məktəb və universitetlərdə dərs prosesi davam edəcəkmi? Əgər davam edərsə, bu proses necə həyata keçiriləcək? Və yay aylarında da tədrisin davam etdirilməsi mümkündürmü? 

Təhsil üzrə ekspert Kamran Əsədov qəzetimizə açıqlamasında bildirdi ki, distant təhsil bizdə özünü çox yaxşı doğrulda bilmədi: “Əslində 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna görə, distant təhsilin mexanizmi tətbiq edilməli idi. Bu günləri məsafədən təhsilin effektiv olmamasının əsas səbəbi ölkəmizin bu prosesə hazırlıqsız olmağı idi. Yəni Azərbaycanda elektron, yəni virtual təhsil məsələsi 11 il ərzində həyata keçirilməli idi. Dövlət büdcəsindən bununla bağlı kifayət qədər vəsait ayrılmasına baxmayaraq, aidiyyəti dövlət qurumları, təhsil müəssisələri bu istiqamətdə yetəri qədər iş görmədi. Ən azından elektron resurslar olmalı idi və yaxud da şagirdlərə təhsilin əlçatanlılığını təmin etmək üçün müəyyən imkanlar yaradılmalı idi. Amma biz bu imkanları əldən qaçırdıq.

Bu, məsələnin birinci tərəfidir. Digər məsələ isə, şagirdlərin təhsildən geri qalmasıdır. Bəli, mart ayının 3-dən etibarən apardığımız monitorinqlər göstərir ki, ibtidai siniflər artıq 14 paraqraf, 5-9-cu sinifdə oxuyanlar 9 paraqraf, 10-11-ci sinifdə oxuyanlar isə 7 və 8 paraqraf hər fəndən geridə qalıblar. Və məlumdur ki, iyun ayının 14-də orta ümumtəhsil məktəblərində tədris bitməlidir. Hətta may ayında dərslər başlasa belə, yenə də geridə qoyduğumuz paraqrafları, mövzuları şagirdlərə lazımi səviyyədə çatdıra bilməyəcəyik. Düşünürəm ki, Azərbaycanda təhsil müddətinin bərpa olunması həm də tərəfdaş olduğumuz ölkələrdən də asılıdır. Çünki Azərbaycandan xarici ölkəyə təhsil almağa gedən və eyni zamanda ölkəmizə xaricdən təhsil üçün gələn tələbələr var ki, bunları da nəzərə almaq lazımdır”.

K.Əsədov dedi ki, yay aylarında tədrisin olması bizim ölkə iqliminə görə mümkün deyil: “Azərbaycanın iqlimi elədir ki, iyul-avqust ayında 42-45 dərəcə arasında isti müşahidə olunur. Bu, virusdan daha ciddi fəsadlar yarada bilər. Ona görə də iyul-avqust aylarında tədris ola bilməz. Məsələnin həlli mexanizmi hissə-hissə tədrisin başlamasındadır. Misal üçün, biz koronavirusun Azərbaycan ərazisində yoluxma coğrafiyasını çıxartmalıyıq. Hansı bölgələrdə az yoluxma və yaxud da ümumiyyətlə, yoluxma yoxdursa, həmin ərazilərdə qismən tədris bərpa edilməlidir. Və yaxud da xüsusi izolyasiya qaydalarına riayət etməklə tədrisi başlamaq mümkündür”.

Ekspert sonda onu da bildirdi ki, qarşıya çıxan problemlərə baxmayaraq, tədrisin dayandırılması çox düzgün qərar idi: “Əslində hamımız virusa görə tədrisdə yaranan problemlərlə bağlı narahtlığımızı dilə gətiririk. Ancaq gəlin reallıqdan danışaq. Bu gün Azərbaycan bu virusla mübarizədə digər ölkələrə nisbətən daha az itki verdi. Bunun ən başlıca səbəblərindən biri də Təhsil Nazirliyinin operativ qərar qəbul edərək vaxtında tədrisi dayandırması idi.

Aliyə SƏMƏDOVA