Təhlükəsiz və sağlam əmək şəraiti nəzarətdə saxlanılmalıdır


Baxıldı : 27

Tarix : 2019-11-08 05:44:39


Oktyabr ayının 29-da Gəncə şəhərində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİ) Respublika Komitəsi “Əmək qanunvericiliyi və əməyin mühafizəsi” mövzusunda zona seminarı keçirmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov  “Həmkarlar ittifaqları haqqında Beynəlxalq Əmək Təşkilatının konvensiyaları və kollektiv müqavilələr”,   Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov “Kollektiv müqavilələrin bağlanmasında əməyin mühafizəsi bölməsində həmkarlar ittifaqlarının rolu”, DİİXİ Hİ Respublika Komitəsi Təşkilat işi və hüquq şöbəsinin müdiri Vüsal Məmmədov “İşçilərin ixtisarı-yeniliklər və tətbiqi” mövzularında çıxış etmişlər.

Çıxışlarda deyilmişdir ki, hər bir işçiyə işlədiyi müəssisədə, təşkilatda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına, əməyinin qorunmasına, işəgötürənlərin kollektiv müqavilə şərtlərinə əməl etməsinə nəzarət həmkarlar ittifaqlarının əsas vəzifələrindəndir.

Seminarda həmçinin işçilərin ixtisarı və işdən qanunsuz çıxarılması məsələlərinə toxunulmuş, bu sahədə  həmkarlar ittifaqlarının rolu və vəzifələri  izah olunmuşdur. Əmək Məcəlləsində olan yeniliklər  və bu yeniliklərin tətbiqi,   xüsusən işçilərin ixtisarı və ştatların sayı azaldıqda işəgötürənin öhdəlikləri, ixtisara düşən işçiyə yeni işə düzələnədək qanunda nəzərdə tutulan imtiyazların verilməsi və sair barədə  geniş məlumat verilmişdir. Seminar diskussiya şəklində keçirilmiş, iş yerlərində mövcud olan problemlər müzakirə olunmuş və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Tədbirdə Gəncə şəhərinin və ətraf rayonların, eləcə də Müdafiə Nazirliyinin hərbi hissələrinin həmkarlar ittifaqı komitələrinin sədr və fəalları iştirak etmişlər.