“Təhlükəsizlik, sağlamlıq əməyin gələcəyidir”


Baxıldı : 80

Tarix : 2019-06-07 12:24:30


 “Artıq 16-cı ildir dünya səviyyəsində qeyd olunan Əməyin Mühafizəsi Günü texniki inqilabların, texnoloji inkişafın gətirdiyi fəsadların aradan qaldırılması və ya imkan daxilində azaldılması cəhdindən  irəli gəlir. İstehsalın qloballaşdırılması , modernləşdirilməsi insanların rifah halının yüksəldilməsi ilə yanaşı, onların sağlamlığına, hətta həyatlarına qarşı riskləri də artırır”.

Bu sözlər mayın 17-də Gəncə şəhərində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 28 Aprel- Ümumdünya Əməyin Mühafizəsi Günü  münasibətilə keçirdiyi regional seminara  məruzədə səslənmişdir. Məruzə ilə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tədbir iştirakçılarının diqqətini dəhşətli statistik məlumatlara çəkmişdir. Demişdir ki, hər il dünyada iş yerlərində 2,3 milyon insan həyatını itirir. 160 milyon işçi peşə xəstəliyinə tutulur.  Təbii ki, bu insanların ölümü, iş qabiliyyətlərini itirməsi onların ailə üzvlərinin də  maddi durumuna pis təsir göstərir.

 Beynəlxalq Əmək Təşkilatı təhlillər apararaq üzv dövlətlərə hər il üçün konkret mövzular barəsində  tədbirlər keçirməyi təklif edir. Bu ilin devizi “ Təhlükəsizlik, sağlamlıq əməyin gələcəyidir” adlanır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi BƏT-in bu devizinə uyğun olaraq fəaliyyət proqramı müəyyənləşdirmiş və sahə həmkarlar ittifaqı mərkəzlərinə, o cümlədən TİAHİ-yə tövsiyələr göndərmişdir.  Həmin tövsiyələr Respublika Komitəsinin və ilk təşkilatların keçirdiyi tədbirlərdə əksini tapmışdır.

 M. Cəfərzadə Azərbaycanın təhsil sektorunda əməyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlərdən də danışdı. Bildirdi ki, hər bir təhsil müəssisəsində təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Həmkarlar ittifaqları bu işlərin həyata keçirilməsini nəzarətdə saxlamalıdır. Aşkara çıxarılan nöqsanlar vaxtaşırı məktəb rəhbərliyi ilə müzakirə edilib operativ həll edilməlidir.  Çalışmalıyıq ki, təhsil müəssisələrində çalışan işçilər və şagirdlər tam təhlükəsizliklə təmin olunsunlar.

Tədbirdə RK-nın baş texniki əmək müfəttişi Rahim Səlimov çıxış edərək təhsil müəssisələrində əməyin təhlükəsizliyi qaydalarından danışdı. Seminar sual-cavabla yekunlaşdı.

B.RZAYEV