Təhlükəsizliyin təmin olunmasının vacibliyini statistika da təsdiq ed


Baxıldı : 130

Tarix : 2019-06-07 08:12:49


Aprelin 26-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki Rayon Komitəsi 28 Aprel -  Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “Sağlam işçi, təhlükəsiz iş şəraiti” devizi altında tədbir keçirdi. Tədbirdə sahə müəssisə və təşkilatlarında çalışan ittifaq üzvləri, eləcə də, Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən komissiyaların sədrləri iştirak edirdilər.

Giriş sözü söyləyən Rayon Komitəsinin təlimatçısı Nəzakət Əliyeva Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı statistik rəqəmləri diqqətə çatdırdı. Dedi ki, istehsalat qəzaları hər il dünyada təxminən 2 milyondan artıq insanın həyatını itirməsinə, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına səbəb olur. İstehsalat xəsarətləri dünya iqtisadiyyatına trilyon ABŞ dolları həcmində ziyan vurur. Bütün bunlar əməyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bir daha təsdiq edir.

N.Əliyeva onu da bildirib ki, hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu strategiyaya müvafiq olaraq, sağlam və normal əmək şəraitinin yaradılması, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi, istehsalatda qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir.

Tədbirdə digər çıxışlar da dinlənildi.