Təhlükəsiz əmək şəraiti başlıca məqsəddir


Baxıldı : 78

Tarix : 2019-01-07 05:19:56


“Baku  Stil  Kompani” MMC  İşçiləri  Həmkarlar  İttifaqı  Birliyinin III Məclisində xidmət  sahəsində olan  müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti məsələsinə baxıldı. Həmçinin bu sahədə həmkarlar ittifaqının gördüyü işlər barədə hesabat dinlənildi.

Məruzə ilə çıxış edən Birliyin sədri Əliqulu Quliyev dedi ki, MMC rəhbərliyi Həmkarlar İttifaqı Birliyinin yaxından iştirakı ilə sağlam və təhlükəsiz əmək şəraiti  yaratmaq, istehsalatda bədbəxt hadisələrin qarşısını almaq istiqamətində səmərəli tədbirlər işləyib həyata keçirmişdir. İşçilərlə əmək müqaviləsi bağlanır. Bu sənədlərin bildirişi elektron informasiya sistemində qeydə alınır. Zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilmişdir. Bütün peşə və vəzifələr üzrə təhlükəsiz texnikası qaydaları barədə təlimatlar hazırlanmışdır. İş yerlərində sağlam sanitariya-gigiyena şəraiti normativlərə uyğunlaşdırılıb. Normal əmək və istirahət rejiminə əməl olunur. Yüksək təhlükə potensiallı sexlərdə işə başlamazdan əvvəl cavabdeh şəxslər tərəfindən mütləq icazə olmalıdır. Onlar işin icrasını sona qədər nəzarətdə saxlayırlar.

İş yerlərinə texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi nişanları qoyulmuş, plakatlar, lövhələr asılmışdır. Zərərli və ağır işlərdə çalışanların əməkhaqlarına 4-8 faiz əlavə kompensasiya ödənilir.

Əliqulu müəllim bildirdi ki, hər bir işçiyə 2 dəst fərdi geyim verilir ki, dəyişiklik edə bilsin. Həmkarlar ittifaqı  son 2 ildə işəgötürənlə birlikdə iş yerlərində şəraitin 10 auditini keçirmişdir. Hər auditdən sonra aşkarlanmış nöqsanlar barədə akt tərtib olunur. Şirkət rəhbərliyinə təqdim edilir. Nöqsanların həlli ilə əlaqədar Hİ Birliyinə hesabat göndərilir.

Natiq işçilərin istirahəti və müalicəsi sahəsində görülən tədbirləri də diqqətə çatdırdı. Mövcud nöqsanlardan danışdı. Məruzə ətrafında çıxışlar dinlənildi. Gündəlikdə duran məsələ ilə əlaqədar qərar qəbul olundu.