Təhsil cəmiyyətin gələcək inkişafını təmin edən ən strateji sahədir


Baxıldı : 21

Tarix : 2018-01-12 23:01:52


“Həmkarlar ittifaqları gənclərin təhsil almaq istəklərini, elmi və yaradıcılıq axtarışlarını daimi dəstəkləyir”

 

AHİK-in IV qurultayına

hesabat məruzəsindən

 

Gənclər siyasəti Azərbaycan həmkarlar ittifaqının fəaliyyətində mühüm yer tutur. Gənc nəslin layiqli vətəndaş kimi formalaşmasına, cəmiyyətimizin inkişafında fəal iştirakına nail olmaqdan ötrü geniş, çeşidli tədbirlər işlənib həyata keçirilir.

Gənclərin böyük bir hissəsini sıralarında birləşdirən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bu sahədə fəaliyyəti daha təqdirəlayiqdir. İttifaqın Respublika Komitəsi tələbə-gənclərin elmə, təhsilə marağının artırılması məqsədilə 1995-ci ildə “Adlı təqaüd” təsis etmişdir. Bu təqaüd hər il qış və yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqında çalışan fəallara verilir. 22 il ərzində 2146 nəfər tələbə bu təqaüdə layiq görülmüşdür.

Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilmişdir. Hazırda həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 nəfər tələbəsi istifadə edir.

Son bir neçə ildə 60 şagirdə Respublika Komitəsinin təqaüdü verilib, 10 nəfər aztəminatlı ailədən olan tələbənin təhsil haqqı tam və ya qismən (30 faiz həcmində) Respublika Komitəsinin vəsaiti hesabına ödənilib. “Maarifçi” Tələbə Kredit Fonduna 100 min manat vəsait köçürülüb. Həmkarlar ittifaqı fəallarının təhsili və ixtisaslarının artırılmasına da diqqət yetirilmişdir. Bu məqsədlə 12 min 400 manatdan artıq vəsait sərf edilmişdir. İttifaqın nəzdində fəaliyyət göstərən 2 istirahət düşərgəsində 8730 məktəblinin istirahəti təşkil olunmuşdur.

Bir sıra rayon (şəhər) həmkarlar ittifaqı komitəsində aparılan səmərəli işin nəticəsində 1000-dən  yuxarı əlil olan, lakin fəaliyyətini davam etdirən təhsil işçisinə əlavə əməkhaqqı ödənilmişdir.

2004-cü ildən ali məktəb  tələbələri arasında ümummilli liderimizin xatirəsinə həsr olunmuş bədii-yaradıcılıq festivalı keçirilir.

Respublika Komitəsi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Sabahın alimləri” müsabiqəsinin təşkilində yaxından iştirak etmişdir. Artıq altıncı ildir ki, keçirilən bu tədbirdə ölkəmizi ən istedadlı şagirdlər təmsil etmiş, onların  sıralarından üzə çıxan qaliblər Respublika Komitəsinin vəsaiti hesabına Amerika Birləşmiş Ştatlarında respublikamızın şərəfini qorumaq hüququnu qazanmışlar.

Bütün sadalanan faktlar göstərir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı son beş ildə təhsilin inkişafında qarşıya qoyulan məsələləri layiqincə yerinə yetirib, bu sahəyə öz böyük töhfələrini vermişlər.

 Aliyə SƏMƏDOVA