“Təhsil işçilərinin gündəlik qayğıları diqqətdə saxlanılır”


Baxıldı : 135

Tarix : 2019-06-04 12:44:09


Mayın 1-də AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyənin “Egitim-Bir-Sen” Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin Bakıda səfərdə olan nümayəndələrini qəbul edib. Qeyd edək ki, beş yüz min ittifaq üzvünü özündə birləşdirən “Egitim-Bir-Sen” Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı təşkilatıdır.

Qonaqlara Azərbaycan  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı haqqında məlumat verən S.Möhbalıyev bildirib ki, ittifaq öz sıralarında 400 minə yaxın təhsil işçisini birləşdirir. Onların da əhəmiyyətli hissəsini tələbələr təşkil edir. Təhsil işçilərinin qarşılaşdıqları problemlər, qayğılar, onların əmək hüquqlarının qorunması, istirahətlərinin təşkili  və digər məsələlər gündəlik olaraq sahə həmkarlar ittifaqının diqqət mərkəzindədir.  AHİK sədri qeyd edib ki, təhsil işçilərinin və onların ailə üzvlərinin istirahətlərinin səmərəli təşkili məqsədilə  təhsil işçiləri həmkarlar ittifaqının vəsaiti hesabına respublikanın səfalı güşələrindən olan Nabranda salınmış böyük  istirahət mərkəzi fəaliyyət göstərir. Mərkəzdə istirahət edənlərin vaxtlarını maraqlı keçirməsi, müalicə alması, yaxşı dincəlməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, onların respublikanın digər sanatoriya-kurort müəssisələrində istirahətinin təşkili üçün də mövsüm ərzində lazımi tədbirlər görülür.

S.Möhbalıyev vurğulayıb ki, həmkarlar ittifaqı üzvü olan tələbələrə hərtərəfli qayğı göstərilməsi fəaliyyətimizin vacib sahələrindəndir. Tələbələr dövlətdən aldıqları təqaüdün 2 faizini həmkarlar ittifaqının hesabına köçürürlər. Biz isə bunun qarşılığında onların istirahətlərini təmin edirik, mədəni-kütləvi, idman tədbirləri təşkil edirik, problemləri ilə yaxından maraqlanırıq. Həmkarlar ittifaqı təşkilatları tərəfindən, dövlət gənclər siyasətinə uyğun olaraq, bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Qeyd etmək istəyirəm ki, aztəminatlı ailələrdən olan gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il təşkilatımız tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Yaxud yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə ittifaqın adlı təqaüdləri verilir. Lap bu günlərdə ali məktəb tələbələrinin Respublika Universiadasının açılışını keçirdik. Universiadada 16 ali məktəb müəssisəsinin tələbələri iştirak edirlər. Həmin yarışlar idmanın 10 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcəkdir. Belə misalları çox gətirmək olar. Bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirmək əzmindəyik.

Görüşdə  qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.