Təhsil işçilərinin konfransı keçirilib


Baxıldı : 56

Tarix : 2019-09-13 18:07:40


Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib. Konfransda ötən tədris ilinin yekunları müzakirə edilib, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılıb.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar bildirməyə imkan verir.

Nazir müavini onu da bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda növbəti tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayüllü siniflərin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq, müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.

Konfrans panel sessiyalarla davam etdi. Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM milli kurikulumun tərkib hissəsi kimi”, “Ümumi təhsil məktəblərində peşəyönümlü təmayüllərin tətbiqi” mövzularında müzakirələr aparıldı.