Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda keçirilən plenar iclası


Baxıldı : 179

Tarix : 2018-05-12 04:24:13


Mayın 7-də Bakıda Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin “Təhsildə gender bərabərliyinin gücləndirilməsi” mövzusunda plenar iclası keçirilib.

Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunan iclasda İrlandiya, Rumıniya, Polşa, Bosniya və Herseqovina, Monteneqro, Böyük Britaniya, Tacikistan, Gürcüstan, Qırğızıstan, Kipr, Belarus, Ukrayna, Qazaxıstan, Albaniya və Bolqarıstandan təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 40-a yaxın nümayəndə iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir.

Nazir qeyd edib ki, XIX əsrin ikinci yarısında Azərbaycanda Avropa standartlarına uyğun qadınlara məxsus təhsil müəssisələri fəaliyyətə başlayıb. 1901-ci ildə Bakıda Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına Qızlar Gimnaziyası açılıb. Sonralar qadınların dünyəvi təhsil imkanları genişlənib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də qadınların təhsil almalarına geniş imkanlar yaradılıb. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bu ənənə uğurla davam etdirilib. “Təhsil haqqında” qanunda bərabərlik təhsilin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilib. Dövlət cinsindən, irqindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradıb.

Diqqətə çatdırılıb ki, bu gün müəllimlərin 82 faizini, təhsil alanların isə 46 faizini qadınlar və qızlar təşkil edir. Təhsil almaq üçün xaricə göndərilən 3558 tələbənin 30 faizini qızlar təşkil edir. Magistratura səviyyəsində təhsil alanların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının isə 46 faizi qadınlar və qızlardır. Ali məktəb rəhbərləri arasında da qadınların sayı artmaqdadır. Hazırda 6 rektor, 37 prorektor, 15 kollec direktoru, 36 direktor müavini, 11 ilk peşə ixtisası təhsili mərkəzinin direktoru, 40 direktor müavini, 1244 ümumtəhsil məktəbinin direktoru, 3569 direktor müavini qadındır. Aparılan araşdırma zamanı məlum olub ki, anaları ali təhsilli olan şagirdlər arasında ali məktəblərə qəbulolma faizi daha artıqdır.

Ceyhun Bayramov vurğulayıb ki, ölkəmizdə gender bərabərliyinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti danılmazdır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin və folklorumuzun beynəlxalq miqyasda təbliğində Mehriban Əliyevanın gördüyü işlər hər zaman rəğbətlə qarşılanır. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almalarında Heydər Əliyev Fondu müstəsna işlər görüb. Fond eyni zamanda Pakistan, Uqanda və Keniya kimi ölkələrdə qızların təhsil almaları üçün dəstək göstərib. Nazir vurğulayıb ki, ölkə Prezidenti tərəfindən inklüziv təhsilin inkişafı üçün 2018-2024-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib və hazırda həyata keçirilməkdədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib (Çıxışının tam mətni səhifə 3-də dərc olunub).

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadınların inkişafı gender bərabərliyi çərçivəsində sistemli şəkildə həyata keçirilib. Ölkəmizdə dövlət quruculuğu sahəsində qadınlar daim kişilərlə birlikdə siyasi qərarlar veriblər. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və qadınlara seçib-seçilmək hüququnun verilməsinin 100 illiyini qeyd edir. Azərbaycan müsəlman Şərqində bu sahədə ilk islahatlar həyata keçirən dövlətdir.

Komitə sədri deyib ki, Azərbaycanda qadınların dövlət siyasətində fəal iştirakı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir. İnkişaf tədbirləri bir çox sahələrdə olduğu kimi, ölkə təhsilində daha çox müşahidə olunur. İctimai, sosial həyatda gənclərin daha fəal olmaları üçün təhsildənkənar xüsusi layihələr həyata keçirilir. Bununla yanaşı, dövlət erkən nikahların və qızların təhsildən uzaqlaşmasının qarşısını almaq üçün xüsusi proqramlar reallaşdırır.

Daha sonra Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin prezidenti Kristine Blover və Komitənin direktoru Susan Floken çıxış ediblər. Çıxışlarda xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil və cəmiyyətdə gender bərabərliyi məsələlərinin həlli yolları müzakirə edilib. Bu gender stereotiplərinin necə aradan qaldırılması üsullarına diqqət yetirilərək, qadınların bütün təhsil sahəsində qərar qəbuletmə prosesində təmsil olunmasına və iştirakının artırılmasına, həm də müəllim peşəsinin həm kişilər və həm də qadınlar üçün daha çox əhəmiyyətinin artırılmasına önəm verilib.

Tədbir işini panel iclaslarla davam etdirib. İş qruplarına bölünərək iştirakçılar müəllimlərin peşə hazırlığının artırılması üçün təhsil sahəsində həmkarlar ittifaqlarının fəaliyyətini gücləndirmək yollarını təhlil ediblər. Müəllimlərin hazırlığı və sosial dialoq çərçivəsində danışıqlar aparmaq, həmkarlar ittifaqları arasında birliyin və həmrəyliyin inkişaf etdirilməsi məqsədilə bir sıra təkliflər hazırlayıblar.

Azər MUSTAFAYEV