"Təhsildə keyfiyyəti aşağı salacaq"


Baxıldı : 69

Tarix : 2017-05-05 22:30:22


Böyük Britaniyada Yorkşir Xambersayd və bir sıra dağlıq zonalarda yerləşən təhsil müəssisələrində David Ross Təhsil Vəqfi (DRTV) tərəfindən ixtisarlarla bağlı planın ictimaiyyətə çatdırılması həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının etirazına səbəb olub. Büdcə kəsirini önləmək üçün müəllim köməkçilərinin, assistentlərin, laborantların və digər məktəbə dəstək personalının ixtisarını nəzərdə tutan plan "Unite" Həmkarlar İttifaqı tərəfindən pislənib və bunun təhsilin səviyyəsinə mənfi təsir edəcəyi bildirilib. Vəqfdən isə ixtisara səbəb kimi məktəblərə çəkilən xərclərin artmasını və büdcə çatışmazlığını göstəriblər. "Unite"nin bölgə üzrə nümayəndəsi Fiona Farmer məsələ ilə bağlı deyib ki, məktəb personalının azalması təhsildə və xidmətdə keyfiyyəti aşağı salacaq: "Bunu valideynlər də birmənalı qarşılamır. İxtisar planı DRTV-nin də imicinə zərbə vuracaq".

Yaranan problemə qarşı ölkənin bir neçə həmkarlar ittifaqı "Unite"yə dəstək verdiklərini bildiriblər, Milli Müəllimlər Birliyi, Məktəb və Kollec Liderləri Həmkarlar İttifaqı, Müəllimlər və Mühazirəçilər Assosiasiyası və digər həmkarlar ittifaqı təşkilatları məsələ ilə bağlı vəqfə müraciət ünvanlayaraq ixtisar planının düzgün addım olmadığını bildiriblər. Məsələnin müzakirələrlə həlli üçün danışıqlar aparmağa dəvət ediblər.

Cavid SƏFƏROV