Təhsildə yeniliklər tətbiq olunur


Baxıldı : 254

Tarix : 2017-02-25 00:28:14


Bir sıra ölkələrdə uğur qazanan "Məktəblinin dostu" layihəsi  respublikamızın təhsil ocaqlarında da Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə tətbiq olunmağa  başlanılıb.

"Məktəblinin dostu" kimdir, onun əsas vəzifəsi nədən ibarətdir? Layihənin tətbiqi təhsil sisteminə nə kimi yeniliklər gətirəcək? Burada iştirak edən əməkdaşlara  əməkhaqqı verilirmi?

   Bütün bu sualları cavablandırmaq üçün layihənin koordinatoru Rüstəm Ağayevə müraciət etdik. O bildirdi ki, ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən bu layihə dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxıb. "Məktəblinin dostu" olmaq üçün keçirilən müsabiqədə 21-30 yaş arasında olan ali təhsilli 200 gənc uğur qazanıb. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Bununla yanaşı, "Məktəblinin dostu" seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılması prosesində iştirak edəcəklər".

R. Ağayev əlavə etdi ki, bu vəzifəni daşıyanlar iş vaxtının əvvəlindən sonuna kimi məktəbdə olacaqlar.  Onlar ümumtəhsil müəssisələrinin inzibati heyətinin əməkhaqlarına uyğun əməkhaqqı alacaqlar. Hazırda 30 şəhər məktəbində tətbiq olunan layihənin  əhatə dairəsi gələcəkdə daha da genişləndiriləcək.

"Hesab edirəm ki, "Məktəblinin dostu "layihəsi orta məktəblərdə tədrisin keyfiyyətinin artırılmasına yönələcək bir addımdır. Bir şərtlə ki, dünya təcrübəsindən istifadə olunsun". Bu sözləri müxbirimizə təhsil üzrə ekspert Kamran Əsədov bildirdi. O qeyd etdi ki, bu layihənin tətbiq olunduğu ölkələrin məktəblərində  müəllim ancaq konkret tədris prosesində iştirak edir. Yəni sənədləşmə  və digər inzibati işləri  tədris ocaqlarına kənardan cəlb edilmiş təhsil işçiləri aparırlar. Hazırda "Məktəblinin dostu" layihəsi Təhsil Nazirliyinin daxili vəsaitləri hesabına həyata keçirilir. Sözügedən layihənin əməkdaşları qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu sayılmır, ümumilikdə təhsil mütəxəssisi hesab edilir. Bu layihənin Azərbaycan təhsilinə nə verə biləcəyinə gəlincə, onlar direktor və onun müavinlərindən fərqli olaraq şagirdlərlə mütəmadi ünsiyyətdə olurlar. Bütün bu müsbət məqamlarla yanaşı, təəssüf ki, "Məktəblinin dostu" layihəsi ilə bağlı xoşagəlməz ifadələr də eşidilir. Buna səbəb bəzi əməkdaşların  öz işlərini düzgün bilməməsi və onların məktəbin işinə müdaxilə etməsidir. Təhsil sistemində bu layihənin ölkəmizdə ilk addım olduğunu nəzərə alsaq, müəyyən nöqsanlarla müşahidə edilməsi təbii sayılmalıdır. Hesab edirəm ki, məktəblərdə tətbiq olunan  bu sistem  Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək.

Əsli ƏHMƏDOVA